"Bu gün övladlığa uşaq verilmə prosesində xeyli irəliləyişlər var. Bəziləri prosesin ağır, uzun, bir qisim isə rahat olduğunu deyir".
Bunu "Sherg.az"a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqların övladlığa götürülməsi ilə baölı danışarkən deyib. Onun sözlərinə görə, insanlar proseslə bağlı məlumatlı olmalı, öz hüquqlarını bilməlidirlər:
"Qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlər toplanılmalıdır. Övladlığa uşaq götürməklə bağlı mənə çox müraciətlər gəlir. Əsasən də, 1 yaşına qədər olan uşaqları övladlığa götürmək istəyirlər. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi böyük yaşlı uşaqların da övladlığa verilməsi, ailədə yaşamasının cəmiyyətə çatdırılması istiqamətində iş aparmalıdır. Çünki Azərbaycanda körpə uşaqlardan imtina halları çoxluq təşkil etmir.
Adətən, səhhətində problem yaranan övladlarla bağlı imtinalar olur. Amma hazırda növbədə gözləyənlər var və deyirlər ki, illərdir, intizardayıq. Hər dəfə onlara körpə uşaq üçün müraciət etdiklərini izah etməyə çalışırıq. Cəmiyyətdə fikir formalaşdırmaq lazımdır ki, uşağa verəcəkləri tərbiyədən, onunla davranışdan çox şey asılıdır. Kiçik yaşlı olması, cinsiyyəti önəmli deyil. Bu gün övladlığa götürülən uşaqların sayı 90-dır, amma 900-1000 də ola bilərdi. Hazırda 3 yaşdan yuxarı qız və oğlanların övladlığa götürülməsi aspektində ləngimələr müşahidə edirik. Çünki insanlar buna hazır deyillər. Valideyn olmağa hazırlaşanların istədiyi odur ki, çox kiçik yaşda övlad götürsünlər və heç kim bilməsin. Lakin bu, düzgün yanaşma deyil. Çünki əlbəttə, kimlərsə biləcək ki, həmin uşaq övladlığa götürülüb. Hamıdan gizlədəcəklərsə, niyə uşaq istəyirlər?! Mütləq təbliğat, maarifləndirmə işi aparılmalıdır".
Qeyd edək ki, bu ilin ötən dövründə 90 uşaq övladlığa verilib, onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.