Artıq yeni tədris ilinə az qalıb. Tələbələr universitelərdə dərslərin başlamasını sevinclə gözləyirlər. Lakin kirayə mənzil bazarındakı qiymətlər onları bir qədər məyus edir. Çünki kirayə evlər çox bahadır. Sentyabr ayı yaxınlaşdıqca qiymət artımı daha da hiss olunur. Nəticə etibarilə tələbələr həm kirayə pulu, həm də günlük dolanışıqlarını təmin etmək üçün dərslərdən yayınmaq məcburiyyətində qalırlar. İş axtarışına başlayırlar. Bu da onların universitetdən verilən tapşırıqların yetirə yetirilməsinə maneə törədir, dərslərə fokuslana bilmirlər. Maddi problemlər və dolanışığın çətinliyi buna imkan vermir. Hələ ailədən uzaq qalmağa öyrəşməyən gənclərin qayğılı günləri başlayır.
Kirayə mənzil bazarındakı bahalaşmanın gündən-günə artmasını "Sherg.az"a dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq dərs ilinin başlamasına sayılı günlər qalıb:
"Bir zamanlar, təxminən 90-ci illərin əvvəllərinə qədər ali təhsil müəssisələrinin demək olar ki, hamısının yataqxanaları mövcud idi. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkün düşən soydaşlarımızın çoxu tələbə yataqxanalarına da sığındılar. Nəticədə tələbələr kirayə evlərə üz tutdular. Hazırda dövlət yataqxanalarda yaşayan məcburi köçkünlərin bir hissəsi evlə təmin edib. Artıq Qarabağın tikinti və bərpa işləri davam etdiyinə görə, onlar mərhələli şəkildə öz yurd-yuvalarına köç edirlər. Lakin bu gün paytaxt ərazisində mənzillərin kirayə qiymətlərinin fantastik həddə çatıb. Bu da tələbələr üçün əlçatan deyil. Birotaqlı mənzildə 2 tələbə qalmalıdır. Lakin məcburiyyətdən 3-4 nəfər kirayə pulunu ödəyə bilmələri üçün bir mənzilə yığışır. Say artıqca tələbələrin dərs oxumaları, təhsil almaları çətinləşir. Hər il ölkəmizdə xüsusən, Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların satışı və kirayə qiymətlərində artımlar müşahidə olunur. Tələbələr münasib qiymətə universitetə yaxın mənzil tapa bilmədikləri üçün şəhərkənarına üz tuturlar. Lakin bu da vaxtın boşa sərf olunmasına gətirib çıxardır. Çünki günün bir neçə saatını yolda keçirmək məcburiyyətində qalırlar. Tələbələr həm kirayə pulunu ödəyə bilmək, həm öz xərclərini qarşılamaq, həm də valideynlərə dəstək olma1dan ötrü dərsdən sonra əlavə iş tapırlar. Problemlərin həlli getdikcə daha da çətinləşəcək. 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakıda pilot layihələr üzərindən söküntü işləri aparılır. İstismar müddəti bitən binalar sökülür, əvəzində yeniləri tikilir. Beləliklə, artıq paytaxt ərazisindəki ucuz kirayə mənzillər kirayə bazarından çıxmış olur. Ona görə də, tələbə yataqxanaları sökülməli, yerində daha müasir, çoxmərtəbəli binalar tikilməli və tələbələrin ixtiyarına verilməlidir. Nəticədə tələbələrin ev problemi aradan qalxar, həmçinin paytaxt ərazisində mövcud kirayə mənzil bazarında qiymətlərdə nisbətən enmə baş verə bilər".