Skuterlərlə bağlı məhdudiyyət qoyulacaq?  - AÇIQLAMA

Sadəcə, istifadəsi ilə bağlı qanunlar olmalı və bu qanunlar təbliğ edilməlidir


  Sürətli skuter icarəsi xidmətləri, hələ avqustun 31-də başa çatacaq şəhər hakimiyyətinin lisenziyası bitməmişdən əvvəl Paris küçələrindən skuterləri çıxarmağa başlayıblar. Skuter icarəsinə faktiki qadağa aprelin 2-də keçirilən referendumda təsdiqlənib və bu referendum zamanı iştirakçıların 90 faizi şəhərdə xidmətin ləğvini dəstəkləyib. Ümumilikdə seçici siyahılarında qeydə alınmış 1,3 milyon parislidən 103 mini səsvermədə iştirak edib. Referendum məsləhət xarakterli olsa da, şəhərin meri Ann İdalqo vədinə əməl edəcəyinə və qərarı həyata keçirəcəyinə söz verib. İndi sentyabrın 1-dək üç icarə şirkəti "Dott", "Lime" və "Tier" 15 min elektrik skuterini şəhərdən çıxarmalı olacaq.
  Qeyd edək ki, şəhər sakinlərinin əsas narazılığı skuterlərin ehtiyatsız və səkilərdə dağınıq sürülməsi ilə bağlıdır.
  Sadəcə Parisdə deyil, ötən illərdə yol qəzalarındakı roluna görə  bəzi şəhərlərdə də elektron skuterlər qadağan olunub. 
  Almaniyada qaydalar daha fərqlidir. Belə ki, skuterin sürəti 25 km/saatdan aşağıdırsa və maksimum çəkisi 20 kq olarsa, lisenziyaya ehtiyac yoxdur. Amma gecə vaxtı skuter sürənlər  xüsusi  jilet geyinməlidir ki, qaranlıqda onları seçmək mümkün olsun.
  Madrid də piyada zonalarında və sürət həddi saatda 50 km-dən yuxarı yollarda e-skuterləri yasaqlayıb. Britaniyada ictimai yollarda, velosiped cığırlarında, səkilərdə e-skuter sürmək qanunsuzdur və qaydanı pozanları 300 funt-sterlinq cərimə gözləyir. Ancaq bu yaxınlarda qadağanı qaldırmaq çağırışı səslənir. Birləşmiş Ştatların bəzi şəhərlərində də elektron skuterlərə məhdudiyyətlər qoyulub. Qeyd edilib ki, bu nəqliyyat vasitələrinin xəsarətlərin artmasında rolu var. Qəzalar isə adətən içkili gənclər tərəfindən törədilir. Atlanta  gecə vaxtı e-skuterləri qadağan edib. San-Fransisko isə sakinlərdən qanunsuz parklama, küçələrdə basırıqla bağlı şikayətlər gəlir deyə ötən il skuterə  müvəqqəti qadağa qoyub. Niderlandda elektrikli skuter sürmək üçün lisenziya lazımdır və onların istifadəsinə velosiped yollarında və ya piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə icazə verilmir.
  Son illərdə Bakıda skuterlərdən istifadə edənlərin sayı artıb. Xüsusən dənizkənarı bulvar ərazisində insanların hərəkət etdiyi istiqamətlərdə skuterlərdən istifadə edilir ki, bu da bəzi hallarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.  Hətta bir müddət əvvəl skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə qadağa qoyulub. 
  Sadəcə bulvarda deyil, skuterlərin səkilərdə sürülməsi piyadalar, yollarda idarə edilməsi isə sürücülər tərəfindən birmənalı qarşılanmır.
Hər iki tərəf skuterlərin onların hərəkətinə mane olduğunu və təhlükəli halların yaşandığını iddia edir. Xarici ölkələrdə skuterlər nəqliyyat vasitəsi kimi qəbul edilir. Bu səbəbdən onların velosiped zolağı ilə hərəkət etməsi problem yaşanmasının qarşısını alır.
  Bəs skuterlərlə bağlı hər hansı məhdudiyyət və qadağalar ola bilərmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Sherg.az"a açıqlamasında deyib ki,  ekoloji təmiz nəqliyyat vasitəsi olan elektroskuterlər hər yerdə istifadə oluna bilər.

  Sadəcə olaraq hər nəqliyyat növü kimi skuterləri də istifadə edən şəxslər müvafiq qaydalara riayət etməlidir: “Təəssüfləndirici haldır ki, skuter sürən vətəndaşlarımız bu qaydaların heç birinə əməl etmir. Əvvəla, elektroskuter idarə edən şəxsin başında mütləq dəbilqə olmalıdır. Axşam saatlarında bu nəqliyyat növünü idarə edən şəxslər mütləq skuterin önünə və arxasına işıqlandırma fənəri vurmalıdır. Sürəti isə şəhər içərisində saatda 25 km-dən çox olmamalıdır. Avtomobil yoluna çıxan şəxslər yalnız yolun sağ zolağında sürməlidir. Yaşı 16-dan aşağı olan şəxslərin avtomobil yolunda skuter istifadə etməsi yolverilməzdir. "E-skuter" istifadəçiləri kifayət qədər məsuliyyətli və diqqətli olmalıdırlar. Xüsusən də piyada səkilərində. Çünki kiminsə xəsarət alması, onun şikayəti, hətta xəsarətinin ağırlıq dərəcəsi istifadəçinin məsuliyyətini artıra bilər. İnfrastruktur tərəfinə gəldikdə isə onu deyə bilərəm ki, velosiped sürülən bütün yollarda elektroskuter də sürülə bilər. Beynəlxalq təcrübədə elektrik skuterlər daha çox velosiped yollarından, bu olmadıqda yolun hərəkət hissəsinin sağ kənarında aşağı sürətlə istifadə edirlər. "E-skuter"lərin səkilərdə hərəkəti piyadaların hərəkət təhlükəsizliyi baxımından risk yaradır”. 
  Ekspertin sözlərinə görə, skuterlərlə bağlı məhdudiyyətlərin olması doğru olmaz, sadəcə, istifadəsi ilə bağlı qanunlar olmalıdır və bu qanunlar təbliğ edilməlidir.