Ötən gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Evlərdə çatlar əmələ gəlib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, qeydə alınan yeraltı təkanlar dağıdıcı deyil.
Yaxın zamanda fərqli regionlardan zəlzələ xəbərləri qeydə alınıb. Bu təbii fəlakət insanların sosial-psixoloji durumuna da ciddi təsir göstərir. Seysmoloqlar narahatlığa səbəb olmadığını bildirsələr də, insanlar bu vəziyyəti təşviş içərisində qarşılayırlar.
Belə halların qarşısı necə alınmalı, hansı tədbirlər həyata keçirilməlidir? Mövzu ilə bağlı fikirlərini “Sherg.az”a şərh edən psixoloq Əfsanə Rüstəmova bildirib ki, insan təbiət etibarı ilə bilinməyəndən qorxandır:
“Təbiət hadisələrini əvvəlcədən bilmək qeyri-mümkündür. Elmin gəldiyi nöqtədə qismən proqnozlaşdırıla bilsə də, yenə də təbiət hər an insanı təəccübləndirməyə hazır qapalı qutudur. Məlumatlı olsaq belə, qoruna bilməyəcəyimiz, məlumatımız olmayan situasiyalarla da rastlaşırıq. Hər an düşünürük: “görəsən indi nə baş verəcək?” və ya “mən təhlükədəyəmmi”? Bu düşüncə insan instiktinin əsas parçasıdır. Onda belə deyə bilərik ki, təməl instiktimiz “həyatda qalmaq” uğrunda mübarizədirsə, o zaman qorxularımız ümidsizliyin nəticəsi yox, səyimizin qapısı sayılmalıdır”.
Psixoloq həmçinin qeyd edib ki, qorxu realdır və qorxmaqda haqlıyıq:
“Yalnız o zamana qədər ki, bu təşviş pozuntusuna çevrilməsin. Yaxın zamanda qardaş ölkədə və dünyanın bir çox nöqtəsində böyük insan tələfatı ilə nəticələnən təbiət hadisələri bizim qorxu duyğumuzun neqativ yaddaşına toplanıb. Baş verə biləcək istənilən yüngül silkələnmələrdə belə bizə nəticəni real qiymətləndirməyə imkan vermir. Bizlər hadisələri eyniləşdirdiyimiz üçün nəticəni də eyniləşdiririk. Yalnızca bir detalı göz önünə alaraq biz duyğumuzu qismən sakitləşdirə bilərik. Dünyanın və elə Azərbaycanın da hər yerində və həmişə yüngül tektonik təkanlar baş verir və bu tektonik təkanlar dağıdıcı gücə malik deyil.
Əslində məsələ nə zəlzələ, nə başqa qorxulardır. Məsələ ölüm həqiqətidir. Bizim onu qarşılamağımıza hazır olmamağımızdır”.