Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı bir nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Son zamanlar yaranan qəzalardan biri də tikinti sahəsində olan qəzalardır. Xüsusi olaraq təhlükəsizliyin təmin olunmadığı vaxt belə qəzaların olması qaçılmazdır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, qəzaların yaranmasının əsas səbəbi təhlükəsizlik qaydalarına riayət olunmamasıdır:
"İnsanların təhlükəsizliyinin qorunması üçün tikinti sahəsindən kənar ərazilər hasarlanmalıdır. Çünki təsadüfən düşən hər hansı tikinti vasitələri insanlara təhlükə yarada bilər. Tikinti materialları, avadanlıqlar elə yerləşdirilməlidir ki, işləyən fəhlələrin və digər şəxslərin hərəkətinə mane olmasın. İşin gedişatına uyğun baş geyimi, ayaq geyimi, uniforma, hündürlükdə işləmək üçün kəmər və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Tikinti aparılan binaların hər mərtəbəsində örtüklər yerləşdirilməlidir ki, yuxarıdan aşağı daş, taxta və ya dəmir parçası alt mərtəbədə işləyən işçilərin üzərinə düşməsin. Həmçinin, işçinin həyat təhlükəsizliyini təmin etmək üçün onu əmək müqaviləsi ilə işə cəlb etmək daha məqsədəuyğundur. İşçilərə gündəlik profilaktik tədbirlər keçilməlidir".