"Enactus" Dünya Kuboku: Gənclər Niderland Krallığına yola düşür!  

Azərbaycanlı gənclər “Enactus” Dünya Kuboku uğrunda mübarizə üçün Niderland Krallığına yollanır.

“Sherg.az” xəbər verir ki, “Enactus” platformasının növbəti Dünya Kuboku Niderland Krallığının Utrext şəhərində təşkil ediləcək.

Tədbirdə Azərbaycanı təmsil etmək üçün Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 16-22 oktyabr tarixlərində Niderland Krallığında olacaq.
 
Dünya Kuboku uğrunda gedəcək mübarizədə müxtəlif ölkələri təmsil edən gənclər sosial sahibkarlıq üzrə biznes layihələrini təqdim edəcəklər.

“Enactus” gələcək liderləri sahibkarlıq, innovasiya və iş prinsiplərinə cəlb etmək üçün 34 ölkədən 1700 şəhərdə 72 mindən çox tələbəni özündə cəmləşdirir. Layihənin prioritet istiqaməti sosial sahibkarlıq bacarıqlarının inkişaf edilməsinə yönəlib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Gənclər Fondunun və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.