Sağalmayıblarsa, əsgərlik də çarə olmaz  - Narkotik aludəçiləri...

Narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər. 

Sherg.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib. 

O deyib ki, müvafiq qurum rəy verməsə, çağırış komissiyaları hər hansı qərar qəbul edə bilməyəcək: 

"Məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq. İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu, həm də vəsait deməkdir. Orada hər hansı narazılıq olarsa, məhkəmə kimi yuxarı quruma müraciət olunacaq. Bu, həm də dolaşıqlıq yarada və qurumlararası problemə səbəb ola bilər. Ona görə də bunu bir qurum tərəfindən həyata keçirməsinin yollarını tapmaq olar. Yekun tibbi müayinə demək ilkin tibbi müayinənin tanınmamasıdır. Mexanizmin özünün mürəkkəb olması qurumlar arasında məsuliyyət bölgüsünün ziddiyyətli şəkildə bölünməsidir. Qurumlar məsuliyyəti bir-birinin üzərinə atacaq. Xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir”. 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, ölkədə narkoloji dispanser var və orada müalicə təmin edilir: “Əgər müalicə effektiv deyilsə, bu, qanun layihəsinin predmeti deyil". 

Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu təklif adiyyəti qurumlar tərəfindən dəstəklənməlidir:                                  
"Neqativ hallar varsa, gənclərimiz hərbi xidmətdə olanda da bunu davam etdirirlər. Əslində hərbi xidmətdə narkotik aludəçiləri bizim üçün əlavə çətinliklər yaradır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, gənclərimiz müalicə olunaraq sağlam şəkildə hərbi xidmətə göndərilməlidir. Təklif gecikmiş olsa da, bu istiqamətdə tədbir aparılması sevindirici haldır. Narkotikdən aslılığın qarşısını almaq üçün bu addımın atılması təqdirəlayiqdir. Narkotik aludəçiləri öz pis vərdişlərini davam etdirmək üçün müxtəlif yollara əl atırlar. Bu da xidmətdə keyfiyyəti aşağı salır. Bir sözlə, təklif dəyərləndirilib dəstəklənməlidir".