Tanınmış jurnalist Türkan Məmmədlinin biznesmen həyat yoldaşı Orxan Məmmədli intihar edib.
İddia olunur ki, iş adamı külli miqdarda borcu olduğu üçün canına qıyıb.
Hətta o, intiharından əvvəl məktub yazıb və kimə nə qədər borcu olduğunu bildirib:
“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, - məktubda qeyd olunub.
Yayılan məlumatlarda bildirilir ki, Orxan son zamanlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Vurğulanıb ki, hadisə günü heç bir işçisi şirkətə getməyib. O.Məmmədli isə özünü ofisdə asıb.
Mərhumun intiharı ilə bağlı bir-birindən fərqli iddialar sosial şəbəkələrdə yayılır. Ən əsası isə onun öz səhifəsində paylaşdığı postlarda yazdıqları istifadəçilərin diqqətini çəkir. Məsələn, Orxan bir neçə ay bundan əvvəl Xalq artisti Tünzalə Ağayeva ilə fotosuna onun mahnısından sitat gətirib:
Bu gün hər şey yaxşı olacaq,
Üzüntülər dünəndə qalacaq.
Günəş qiblədən doğacaq,
Səadət mənə yar olacaq.
Orxanın məhz bu sözləri seçməsi də xüsusi marağa səbəb olub. Görünür mərhumun yaxşı günləri gözləmə arzusu, ümidi olub. Amma niyə canına qəsd edib? Ümumiyyətlə bu, cəmiyyətimizdəki ilk intihar hadisəsi deyil. Canaqəsdlərin sayı çoxdur, yaşı isə müxtəlif. İnsanların psixoloji vəziyyətində yaranan problemlər, travmalar, sıxıntılar onları intihara sürükləyir. Əslində isə affekt halından çıxıb, sakit başla fikirləşsələr, mahnıda da deyildiyi kimi, günəşin qiblədən doğacağını bilməlidilər. Hər şeyə çarə var, məhz psixoloji sıxıntılara da.
Bəs imkan olduğu halda niyə psixoloqa üz tutmurlar?
Məlum məsələ ilə bağlı suallarımızı cavablandıran psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, Azərbaycanda psixoterapiya seanslarına müraciət etmək istəyənlər demək olar ki, yoxdur:
"Çox təssüfləndirici bir hadisədir. Ancaq son vaxtlar cəmiyyətin ən böyük bəlası olduğuna görə intihar mövzusu müzakirə edilməlidir. Bu həqiqəti hər kəs qəbul etməlidir ki, intihar birdən-birə olan proses deyil. İntihara qədər gedən bir yol var. Bu zaman insanı əvvəl özü, daha sonra ətrafındakılar sövq etməlidilər ki, psixoterapiya seanslarına, həkim-psixoterapevtə müraciət etsinlər. Həkim- psixiatra, həkim-nevroloqa, saxta psixoloq adı altında fəaliyyət göstərənlərə deyil, sırf diplomlu mütəxəssislərə müraciət etsinlər.
Çünki dünyada neçə-neçə insanlar intihardan çəkindirilib, həyatları xilas edilib. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə psixoterapiya seanslarına müraciət etmək istəyən demək olar yoxdu. Nəticə də belə acınacaqlı olur. Fikirləşirlər ki, özləri öhdəsindən gələ bilər. Halbuki, depressiya, stress o qədər ağır bir yükdür ki, orqanizm onun öhdəsindən gələ bilmir. Bu elə bir təhlükəli ipdır ki, harada qırılacağı heç kəsə bəlli deyil. Nazilir və qəfildən üzülür, nəticədə artıq gec olur. Ona görə də insanlar hiss edəndə ki, hansısa bir stress, gərginlik, depressiya yaşayırlar, tez bir zamanda tədbir görsünlər. Bu xəstəliklərin simptomları ürəksıxıntısı, anidən gələn darıxma hissi, həyatdan zövq ala bilməmək, əvvəl onlar üçün maraq dairəsində olan əyləncələrin mənasız olması və s.
Təbii ki, kənardan baxanda bunu hiss edə bilməmək mümkün deyil. Bəzən ürək döyüntülərinin artdığını, tənəffüs almaq problemlərinin olduğunu bildirirlər. Bu səbəbdən kardioloqlara, nevropotoloqlara, terapevtlərə və digər həkimlərə müraciət edirlər. Əfsuslar olsun ki, bəzi həkimlərin savadı və vicdanı çatmır ki, onları həkim-psixoterapevtlərə yönləndirsin. Çünki zamanında üstünə düşülsə, bəlkə də insanın həyatını xilas etmək mümkün olar. Problemin başlıca səbəbi cəmiyyətin psixoterapevtə getmək, psixo-seansa olan birmənalı yanaşmadır".
Ekspert bildirib ki, insanın düşdüyü vəziyyətə uyğun ona psixoterapiya taktikası keçirlər:
"Əgər borc problemi varsa, izah olunur ki, pulu o qazanır, bu gün itirməsi yenə qazanmayacağı mənasına gəlmir. Dünyada insan canından önəmli heç bir şey yoxdur. İnsanlara fərdi yanaşılıb çıxış yolları tapmaq lazımdır. İnsanlar depressiya, gərginlikdən uzaq olmaq üçün məşğuliyyətlər tapsınlar. İdman etsinlər, hobbilər tapsınlar, öz zövqlərinə uyğun bitkilər əksinlər, heyvanlar saxlasınlar, mütəmadi ünsiyyətdə olsunlar. Hanısa problemləri olanda paylaşsınlar. Depressiya artıq ağır kliniki haldır. Əgər bir şəxs depressiya yaşayırsa, stress altındadırsa, mütləq həkim-psixoterapevtlərdən kömək alsınlar".