Var oluşunu göstərən qadın qəbul edilmir  - Cəmiyyətin acı üzü...

88 yaşlı kişi gəlinini öldürdükdən sonra intihara cəhd edib.Xəzər rayon prokurorluğu Bakıdakı qətllə bağlı məlumat yayıb.                                        

Qurumdan Trend-ə bildirilib ki, bu gün Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.                                                                                   
   
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.                                                          

Son vaxtlar qadınlara qarşı törədilmiş cinayətlərin sayı artmaqda davam edir. Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, heç bir halda hansısa qətl hadisəsinin bəraəti yoxdur :                           

 "Ümumi olaraq məsələyə baxsaq, boyük ehtimalla  həmin insanların uzun müddət birgə yaşayışı olub. Azərbaycan mentaliteti olaraq  gəlin qayınata evinə gəlir.  Qadın qətilləri dünyanın hər yerində təəssüf ki, tarix yaranandan bu vaxta qədər müşahidə olunan bir vəziyyətdir. Burada qadınların ifadə və maddi azadlıqlarının olmaması birinci arqumentlərdən biridir. Siyasət və idaretmə qurularsa, qadınlara da bir rol verilməlidir. Qadınlar bu sistemin içərisində görməzdən gəlinərsə, özlərini ifadə etməsi və öz güclərindən istifadə etməsi qeyri-mümkün olur.

 Onlar öz güclərini fərqli yönlərdə daha çox fitnə-fəsada, qeybətə, şərə bir sözlə, daha neqativ motivlərdə istifadə etməyə başlayırlar. Bunun əsas səbəbi qadın gücündən pozisyon yöndə istifadə edilməməsidir. Yeni inkişafda olan ölkələrdə qadının ifadə azadlığı məhdud olduğu üçün qadınlar bəzi regionlarda daha çox, mərkəzin özündə isə bu mövzuya görə aqressivdirlər. 
Təəssüflər olsun ki, öz aqressiyalarını ya  övladlarına xətər yetirərək, ya da əxlaqsız davranışlar edərək özlərini cəmiyyətdə varmış kimi göstərirlər. Mental ənənəyə baxsaq, "var oluşu"nu göstərən qadın cəmiyyət tərəfdən normal qəbul edilmir. Burada Azərbaycan kişisinin böyümə şəklini nəzərə alsaq, qadının hər hansı bir vəziyyətdən "kənara çıxması" kişilər tərəfindən düzgün hesab edilmir. Ona görə də böyük ehtimaldır ki, ənənələrə zidd çıxan qadınlar mental ənənələrə önəm verən kişilər tərəfindən öldürülmək üçün ən birinci namizəddirlər. Bu tip cinayətlərdə qətli həyata keçirən şəxsin özünü əsaslandırdığı ideologiya var. "O, belə etdiyi üçün","O, filankəslə danışdığı üçün","O, telefonla çox oynadiğına görə"  və  bu kimi digər məişət problemlərini qlobal və qəbuledilməz şəkildə əsaslandırırlar. Bu onlar üçün kifayət qədər qətli törətməkdə səbəb olacaq faktor kimi görünə bilir. Amma hər bir halda motiv nə olursa olsun, heç bir şəxsin həyatına son qoyula bilməz. Burada daha çox yaxşı olardı ki, elmə istinad edib, hadisəni analiz etməyi məsləhət verə və öyrədə bilərik".                                                                                                       
Ekspert bildirib ki, qadın qətllərinin ən böyük səbəbi cahillikdir:                               

"İnsanlar qadının əxlaqını, davranışını, özünü ifadəsini mental əxlaq normaları ilə ölçür. Mental və əxlaq normaları sübut oluna bilən elmi faktlarla təsdiq olunarsa, o zaman cəmiyyət olaraq qadınlar da kişilər də bu qaydalara riayət etməlidir".