Yol nişanlarında səhvlər: Sürücülər diqqətli olsunlar!

Bakıda quraşdırılan yol-hərəkət nişanı çaşqınlıq yaradıb.                                    
Baku.ws xəbər verir ki, yol-hərəkət nişanı "Sovetski" adlanan ərazidən üzü Mərkəzi parka çıxan yolda quraşdırılıb.
Belə ki, sözügedən nişan düz və sağa istiqamətləri göstərsə də, düz yolda hərəkət mövcud deyil. Bu zaman da belə bir sual yaranır: Düz istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi parka girsin?
                                                                                         
Məsələ ilə bağlı "Sherg.az"a danışan nəqliyyat eksperti, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, 
yol nişanlarının quraşdırılmasında şəhərimizdə ciddi problemlər var:
"Yol nişanları müəyyən standartlar üzərində qoyulmalıdır. Yolun sağında təşkil olunması daha məqsədə uyğundur. Sürücülər tərəfindən 100 metrdən az olmayaraq görülməlidir. Həmin nişanların üzərində işıqqaytarıcı səs olmalıdır ki, sürücülər qaranlıq vaxtı nişanları görə bilsinlər. Əgər sağ tərəfdə sürücülər üçün nişan o qədər də yaxşı görünmürsə, yolun solunda yenidən təkrar quraşdırılmalıdır. Bəzən işıqforların qarşısı ağaclarla tutulur. Bu sürücülər tərəfindən çətinliklə anlaşılır. Bəzi yollarımızda bir tərəfdən baş yol işarəsi olanda ikinci dərəcəli yolda "yol ver", "stop" nişanları qoyulmur. Bəzən də "yol ver" stop nişanı quraşdırılır, ancaq əsas yol tərəfdən baş yol işarəsi yoxdur. Bu da bir sıra problemlərin yaranmasına səbəb olur. Hətta yol nəqliyyat hadisələrini araşdıran müstəntiqlərə də çətinlik yaradır. Çünki sürücülərin hər ikisi özünü haqlı sayır. Bu problemin aradan qaldırılması üçün xüsusi qurumlar, yol nişanlarının quraşdırılmasında iştirak edən şəxslər aktiv olmalıdır. Harada bu istiqamətdə çatışmazlıq varsa, onu həll etməlidirlər. Bundan başqa nişanlarla nişanlama xəttləri arasında bir-birinə ziddiyyət olmamalıdır. Ziddiyət yaranarsa, problem aradan qaldırılmalıdır".                                                                                                               

Nəqliyyat eksperti Aslan Əsədov  hesab edir ki, yol nişanlarının quraşdırılması zamanı önəm veriləcək məsələ nişanın görünüş dərəcəsinin tam təmin olunmasıdır:           
"Sürücü tərəfindən tam görünməli, sürücü nişanın tam mahiyyətini bilməlidir.  Yol ayırıcılar və onlara bitişik ərazilərdə təkrarlana bilən nişanlar olur. Bəzən isə bu digər vəziyyətləri aşkar göstərir. Bu da öz növbəsində sürücülər də çaşqınlıq yarada bilir. Diqqətli olmalı və bütün nişanların mahiyyətini tam dərk etməlidirlər. Məlumatları olmayan nişanlar haqqında bilgilər əldə etməlidirlər".