ADY-nin yeni tətbiqi: Vaxt itkisinə son  - Biletləri rahat alacaqlar

Biletləri telefonla almaq mümkün olacaq.                                                     

 "Azərbaycan Dəmir Yolları" QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daha bir innovativ addım olan "ADY Mobile" tətbiqini istifadəyə verib.

"Sherg.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq.

"ADY Mobile" vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq.
Mobil tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir. Mobil tətbiq vasitəsilə balansı plastik kart istifadə etmədən artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçmək mümkündür. "ADY Mobile"da təqdim olunmuş barkod oflayn rejimdə də çalışacaq.
Bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Belə ki, müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Azərbaycan Dəmir Yollarının bu istiqamətdə təşəbbüsü təqdirəlayiqdir:                                                           
"Ölkədə bir çox istiqamətdə profilaktik tədbirlər görülür. Bu istiqamətdə bütün qurumlar xidmətlərin əlçatımlığını təmin etmək üçün əlindən gələni edir. Mənim fikrimcə, buna görə tətbiq yerində təşkil olunub desək, yanılmarıq. Bunun ölkəmizdə tətbiqi çox böyük müsbət təsirləri olacaq. Çünki, insanlar biletləri əldə etmək üçün uzun məsafə qət edirlər. Halbuki, bizim şəxsiyyətimizi təsdiq edən elektron imzalar mövcuddur. Burada bütün məlumatlarımız qeyd olunub.Əslində bu tətbiqin yaradılması bizim çoxdan gözlədiyimiz bir xəbər idi. İndi təşkili müsbət bir haldır. Ümid edirəm ki, insanlar qısa vaxt içərisində bu tətbiqin istifadəsinə adaptasiya olacaq və vaxt itirmiş olmayacaqlar. Çünki, bilet alarkən növbə gözləyirdilər sıxlıq yaranırdı, vaxt itirirdilər. Bütün inkişaf etmiş ölkələrdə bu mobil tətbiqlərdən istifadə edilir. Dəmir yollarının belə bir addım atması təqdirəlayiqdir".