Mobil cihazların qeydiyyatına görə rüsumlar azaldılır.
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:
Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.
Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manatdan 20 manata,
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manatdan 30 manata,
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manatdan 40 manata,
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manatdan 50 manata,
bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manatdan 70 manata,
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manatdan 100 manata .
Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manatdan 15 manata.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəsis Elçibəy Məmmədov bildirib ki, cihazların qeydiyyatı üçün rüsumlarının azaldılması təqdirəlayiq bir addımdır:
"Ölkəmizdə son vaxtlar innovasiya sahəsində müxtəlif addımlar atılır. Həmçinin, texnologiyanın inkişafı ölkəmizdə geniş şəkildə yayılır. Buraya müxtəlif növ kompüter, mobil cihazlar, informasiya texnologiyaları üzrə avadanlıqlar daxildir ki, onların istifadəsi indiki dövr üçün ən öndə olan məsələlərdən biridir. Dövlətin bu addımlara qarşı cihaz rüsumlarının azaldılması təqdirəlayiq bir addımdır. Hətta mobil cihazların dövlət rüsumlarının təmamilə dayandırılması belə ölkədə müəyyən bir artıma gətrib çıxardacaq. Daha çox texnoloji avadanlıqların tətbiqinə və inovasiya sahəsində genişmiqyaslı işlərin görülməsinə səbəb olacaq. İT mütəxəsisi olaraq bu addımı dəstəkləyirəm".