Məişət zorakılığından zərər çəkmiş kişilərin sayı açıqlanıb.
Keçən il Cinayət Məcəlləsinin 154-cü (bərabərlik hüququnu pozma) və 164-cü (hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma) maddəsi ilə cinayət qeydə alınmayıb.
Bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya şöbəsində məişət zorakılığından zərər çəkmiş 73 qadın və 28 kişiyə xidmət göstərilib.
Sual ortaya çıxır, göstəricilərdən belə məlum olur ki, məişət zorakılığına məruz qalmış kişilərin sayı qadınlara nisbətdə az deyil. Niyə biz qadın zorakılığını ön plana qoyuruq?
Mövcud vəziyyəti dəyərləndirən "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, bizim ölkədə kişilərin zorakılığa məruz qalması məsələsinə təəccüblə yanaşılır:
"Kişilər hər zaman güclüdür", "kişilər daima zorakılıq göstərən tərəfdir" və "zorakılığa məruz qala bilməz" kimi fikirlər diqqət mərkəzindədir. Əslində bu araşdırılıb məlum olan saydır. Ancaq bilinməyən yüksək sayda zorakılıq görən kişilər var. Sadəcə onlar bu vəziyyəti gizlədirlər. Onlara fiziki, psixoloji, iqtisadi zorakılıq göstərilir. Bir növ ətrafın stiqmasından çəkindikləri üçün bunu gizlin saxlayırlar. Cəmiyyət heyrətlənir, bir az da irəli gedərək lağ edirlər. Qadınlar isə zorakılığa məruz qaldıqları zaman ətrafla bölüşürlər. Çünki qadınların təbiətində sosiallaşmaq, paylaşmaq var. Ancaq kişilərdə bu vəziyyət bir qədər dəyişir. Onlarda həm sosiallaşmaq dərəcəsi zəifdir ,həm də bir növ yaşadıqları vəziyyəti qürurlarına yedirə bilmirlər. Hətta aşkar olunanda belə israrla inkar edirlər. Əksəriyyəti bunu müəyyən psixoloji hallarda yaşayır. Onuda qeyd edək ki, fiziki zorakılığa məruz qalmış kişilərin sayı da az deyil. Xüsusilə yaşlı təbəqəyə mənsub şəxslər mənəvi, fiziki, psixoloji,iqtisadi zorakılıq görə bilir. Bu danılmaz faktdır və təəssüflər olsun ki, bizim ölkədə də sıx-sıx yaşanan bir vəziyyətdir".