"Uşaqlar “koloniya”larda reabilitasiya keçmirlər və biz 14 yaşlı uşaqlarımızı itirməli oluruq".
Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.
O bildirib ki, bu yaşda uşaqlar “koloniya”lara göndərilməkdənsə, alternativ reabilitasiya proqramları ilə reabilitasiya oluna bilərlər:
“Müsbət haldır ki, Azərbaycanda uşaq əli ilə törədilən cinayətlər yoxdur. Türkiyədə və digər ölkələrdə bu hal çox yayılıb. Bizdə “koloniya”larda uşaqların sayı da azdır. Bu səbəbdən onlar müvafiq reabilitasiya proqramlarına cəlb olunmalı və cəmiyyətə inteqrasiya edilməlidirlər".
Mövzu ilə əlaqəli "Sherg.az”a danışan iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu təklif irəli sürülübsə, bəzi suallara əhatəli cavab verilməlidir :
"İctimaiyyətə harada və necə təşkil olunacağı ilə bağlı məlumat verilməlidir. Cəmiyyət üçün təhlükəli cinayətkardır, döyür, öldürür. Uşaqları harada reablitasiya etməyi düşünürlər? Təklif irəli sürmək asandır, təklif əhatəli açıqlansın, ondan sonra bu istiqamətdə müzakirə aparıla bilər. Azərbaycanda uşaqlara "koloniya" cəzasını nadir hallarda verirlər. Cəzanın başqa növləri də var. Bu cəza növləri vasitəsi ilə azyaşlılara kömək edilir ki, bu kimi pis vərdişlərdən əl çəksinlər. Azadlıqdan o zaman məhrum edilir ki, onlar öz yaşıdları, hətta böyüklər üçün təhlükəli hesab olunur. Onların azadlıqdan məhrum edilmədən reablitasiya edilməsi düzgün deyil".