Azərbaycan Türkiyədə "Dünya Şəhərlər Günü" tədbirində iştirak edib

Dövlət Şəhərsalma və Arxiteltura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən "Dünya Şəhərlər Günü" tədbirində iştirak edib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, BMT-nin 2013-cü ildə qəbul etdiyi qərara əsasən hər il fərqli şəhərdə qeyd olunan Dünya Şəhərlər Günü bu il “Hamı üçün davamlı şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusu altında İstanbulda qeyd edilir. Bakıda Ümumdünya Məskunlaşma Günü ilə başlayan Şəhərsalma ayının son günündə keçirilən bu tədbir şəhər və digər yaşayış məntəqələrinin sürətli dəyişməsinin yaratdığı çətinliklər və həlləri istiqamətində mövcud imkanlar haqqında müzakirələrin aparıldığı platforma rolunu oynayır.

Tədbirdə çıxış edən A.Quliyev şəhərlərin görünməmiş sürətlə böyüməyə və inkişaf etməyə davam etdiyi bir vaxtda urbanizasiya üçün davamlı həllərin müəyyən edilməsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, həmçinin ölkəmizin canlı, inklüziv və davamlı şəhər mühitinin yaradılmasına ciddi əhəmiyyət verdiyini bildirib, işğaldan azad edilən ərazilərdə də gedən şəhər və kəndlərin yenidən qurulması zamanı qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edildiyini qeyd edib.

Komitə sədri tədbir çərçivəsində BMT-nin Məskunlaşma Proqramının İcraçı direktoru Maimunah Mohd Sharif və bir sıra ölkələrdən olan həmkarları ilə məhsuldar görüşlər keçirib, şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə edib.