Elm adamları Etibar Əliyevin iradlarını doğru sayırlar
Fəlsəfə doktoru, sabiq millət vəkili Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevi “elmi məqalələri saymaqla məşğul olmaqda”, ittiham edib. Fikirlərini sosial şəbəkə üzərindən paylaşan alim nazirin feysbuk hesabındakı paylaşımını önə çəkib: "Alimlərimizin "Scopus" elmmetrik bazasındakı göstəriciləri ciddi şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə bu ilin 8 ayında bazadakı məqalələrin sayı 2 dəfədən çox artaraq 2382-yə çatıb". Bundan sonra E.Əliyev qeyd edib: Əla! Ancaq xeyli sual yaranır. Hansı sahələr üzrə elmi məqalələr dominantlıq təşkil edir? Elmin sosioloji əsaslarını işləyən Kanada alimi İv Jenqranın “Elmin sosiologiyası” adlı məşhur kitabında məqalənin birinin adı "h - indeksi epidemiyası" adlanır. Elm və təhsilin vəhdətindən dəm vururlar. Mən elmi məqalələrin statistikasını kölgə altına salmaq istəmirəm. Ancaq elmi məqalələrinin sayı çox olanlar nə üçün Ali və Orta məktəblər üçün dərslik yazmırlar. Tələbələr üçün demək olar ki, müasir "Ali Riyaziyyat", "Kvant fizikası, "Müasir Kimya", "Süni intellekt", "Molekulyar biologiya", "Fəlsəfə" sahələrində dərsliklər yazılmır. Elmi məqalələr yazanların elmin populyarlaşdırılmasında rolu demək olar ki, yoxdur. Xarici dildə çap olunmuş bir dərsliyin belə Azərbaycan dilinə tərcüməsi təşkil olunmayıb. "Scopus" elmmetrik bazasındakı məqalə müəllifləri nə üçün internet üzərindən məqaləsinin əhəmiyyətindən danışmır? Hansı universitetdə ciddi bir elmi-tədqiqat laboratoriyası var? Yoxdur, yox! 30 ildir ki, bir şagirdimiz belə Riyaziyyat və İnformatika üzrə keçirilən Beynəlxalq Olimpiadalardan qızıl medal qazana bilmir. Nobel mükafatı laureatı, fizik J.Alfyorov Fiztexin direktoru vəzifəsindən imtina edərək orta məktəbdə "Fizika" dərsi deyib. Onun şagirdləri böyük uğurlara imza atıblar. Kəmiyyətin keyfiyyət amili də olmalıdır. Rusiya Elmlər Akademiyasının prezidentinin maraqlı bir fikri var: "Perelmanın 20 il müddətində bir xarici jurnalda məqaləsi çıxmadı, lakin Puankare hipotezini isbat etdi və Filds medalını aldı". Bir elmi tezisi və məqaləsi belə olmayan E.Əmrullayev alimlərin məqaləsini saymaqla məşğuldur. Bizə məqalələrin ölkəmiz üçün tətbiqi lazımdır. Məsələn, dərsliklərdə, Elmi ədəbiyyatların tərcüməsində, Beynəlxalq Olimpiadalar üçün şagird hazırlığında, elmin populyarlaşdırmasında, TED konfranslarında, distant mühazirələrdə, istedadların yetişdirilməsində və s. Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" adlı bir jurnalı var. Bu jurnalın keçmiş baş redaktoru məqalə alverinə görə həbs olunub. Bunlar Rusiyada çap olunan möhtəşəm "Voprosı Obrazovaniya" jurnalından belə örnək götürmədilər.
P.S. Dahi fizik, Nobel mükafatı laureatı Lev Landaunun az sayda məqaləsi olub, lakin Lifşitslə birlikdə 12 cild "Fizika kursu" dərsliyi yazıb.
E.Əliyevin iradlarını doğru sayanlar az deyil. Əksəriyyəti də fəlsəfə doktoru, professorlardır. Onlardan bəzisini təqdim edirik:
Nizami Rzayev qeyd edib: - "h - indeksi epidemiyası" elmi kökündən məhv etmək üçün düşünülmüş bir metoddur. "Scopus" elmmetrik bazasında dərc edilən məqalənin yüzünün əhəmiyyəti vaxtilə referativ jurnalda dərc edilən məqalələrin birinə dəyməz. Bu məqalələr əvvəllər yazılmış məqalələrin yenidən dərcidir. Heç vaxt laboratoriya cihazı görməyən, kimyəvi reaktivi tanımayan, ingilis dilində nə dediyini özü də dərk etməyən dissertasiya yazdırmış alimlər ordusu! Məqsədli şəkildə elmi məhv edirlər. "Molekulyar biologiya" kitabı termini indi dəbdədir. Dissertasiyamda ixtisasım 030004-biokimya və 030012-genetika üzrə Azərbaycanda ilk mütəxəssis olmuşam. Genetika və Seleksiya İnstitutunda "Biokimyəvi genetika və texnologiya" laboratoriyasını yaradıb, 4 il rəhbəri olmuşam. 1986-cı ildə "Biokimyəvi genetika" adlı kitab yazmışdım. Elmi işlər üzrə Direktor müavininin təşkilatçılığı ilə laboratoriyanın pəncərəsi sındırılıb, kitabın makinada tamamlanmış variantı oğurlandı. Milis işə qarışdı və məlum oldu ki, 10 yaşlı uşaq İnstitutun bağına meyvə oğurluğuna girəndə mənim iş otağımdakı seyfi də açıb kitabı götürüb və hasarın kənarında yandırıb. Buğda, tritikale, meyvə, çaytikanı sortları yaratmışam, texnologiya üzrə 7 patent və istehsala icazə almışam. Beynəlxalq Qalen medalı ilə təltif edilmişəm. Xarici ölkədə məqalələrimin sayı tək müəllif 110-dur. 3 kitabım var. Amma 2018-2023- "Scopus" bazasında məqaləm yoxdur. FAO-da 1986-1992-ci illərdə SSRİ-ni "Biokimyəvi tədqiqatlar və taxıl keyfiyyətinin qiymətləndirilməsi" üzrə təmsil etmişəm. Son dövrdə "kovid" vaxtı Scopusa məqalə yazmadığıma (kitablar üzərində tamamlama işlərinə görə) E.Əmrullayevdən və onun komandasından savadsız oluruq. 1992-ci ildə "Ulduz" jurnalının üz qabığında qaranlıq uçuruma gedən bir sürü təsvir edilmişdi: "Hara gedir bu sürü" yazılmışdı. Vaxtında tədbir görülməsə, həqiqi alimləri iqtisadi cəhətdən bu sürü məhv edib, uçuruma salacaq. Azərbaycana xeyir gətirməyən, tətbiq olunmayan elmi tədqiqat işi boş nağıldı. 1997-ci ildə H.Ə.Əliyevin alimlərlə görüşünü (müşavirə) oxuyun. Sizə həqiqəti müdafiə etdiyinizə görə təşəkkür edirəm!
Cəmşid Dərələyəzli: - Bu yazıda bildirilən fikirlərə qatılırıq. Nazirin sələfi Misir Mərdanov da son vaxtlar sosial şəbəkədə təhsildəki problemləri görməyə başlayıb. Amma ciddiyə alınmır və bəzən də (şəxsim də daxil) irad bildirilir ki, nazir olanda hara baxırdın?! İndiki nazir də kəmiyyətdən dəm vurur. Bunlar qoltuqda oturanda nöqsanları və çatışmazlıqları görməzlər. Nə də özlərində cəsarət tapıb dəyərli fikir səsləndirən mütəxəssislərdən ibarət ictimai bir şura yaradıb, onların dəyərli təkliflərindən istifadə də etməzlər. Məqalə yazıblar. O məqalələrdən onların öz kollektivlərinin xəbəri yox belə. Olaki də Bakı ictimaiyyətinin. Day Xırdalandan o tərəfi də demirəm. Ona görə də hökumət də məsul görəvdə olan belə kadrların ucbatından, ölkə başçısının əksər sahələrdə, xüsusən də sosial-iqtisadi sahədə qarşıya qoyduğu hədəflərə ulaşmaq sadəcə zaman alır.
Bəxtiyar Nəcəfov: - Əziz dostlar. Siz burada nəyi müzakirə edirsiniz? “Yox”un nəyini müzakirə edirsiniz? Məsələyə ciddi və qlobal baxmaq lazımdır. Kitab, məqalə oxumayan, yaza bilməyənlər elmə, təhsilə rəhbərlik edirlər. Bu şəxslərin hansısa biri bir dəqiqə oturub danışmaq qabiliyyəti varmı? Elm və təhsil sahəsində işləyənlərin içərisində bir nəfər bir dəqiqə lövhədə çıxış edə bilərmi? Yaxud da beynəlxalq jurnallarda çap olunanların neçə faizi öz elmi işini izah edə bilər ? Ona görə də məsələni burada həll etmək mumkün deyil. Həll yerləri mövcuddur... Çox təəssüflər ki, heç kim bildiyi işlə məşğul deyil...Çox təəssüflər. Cünki haqqında danışdığınız siyasiləşmiş məsələdir.
Xəyalə Zərrabqızı yazıb:
- Çox əziz Etibar müəllim! Sovet dönəmində yazılmış dissertasiyaların və məqalələrin elektron variantı olmadığı üçün onlardan elə rahatlıqla köçürmələr etdiklərini müşahidə etmişəm ki, buna şahid olan gözümdən utanmışam. Bu binəvalar sayı, kəmiyyəti ha göyə qaldırsalar da, kimə faydası var? Yazılanların çoxu bir-birindən başdan-başa "copy" -"past"dır. Sizin bu haqlı yanaşmanız günümüzün elmi cameəsinə tutduğunuz bir güzgüdür. Rəhmətlik Sabir yazırdı ki: Niyə bəs böylə qaraldırsan, a qare, gözünü... Yoxsa bu ayinədə əyri görürsən özünü... Və böyük Nizami "Sirlər xəzinəsi"ndə yazır ki: "Əgər güzgü səni çirkin göstərirsə, qeyzlənib güzgünü sındırma, özünü düzəlt..."