Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.
“Report” xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.
Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.
Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.
Son zamanlar AZAL-ın reyslərində olan şaxələnmələri "Sherg.az"a dəyərləndirən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu növbədə aviaşirkətin elastikliyinin göstəricisidir:
"Azərbaycandan kütləvi şəkildə Pakistanın paytaxtı İslamabada gedənlər yoxdur. Dünən reys vasitəsilə Azərbaycana kifayət qədər turist gəlmişdi. Turist paketlərinin içərisində müəyyən iaşə obyektinin ziyarəti nəzərdə tutulmuşdu. Təsəvvür edin ki, anidən bir iaşə obyektinə 200-ə yaxın turist gəlmişdi. Bu yaxınlarda Səudiyyə Ərəbistanının Dammam şəhərinə də reyslər açılıb. Azərbaycanlıların həmin yerlərə getmək istəyi çox azdır. Amma həmin ölkədən buraya gələnlərin sayı çoxluq təşkil edir. Görünür ki, Azərbaycana qarşı maraq artır və aviaşirkətlərimiz də bu nüansdan istifadə edir. İqtisadi maraqlarımız üçün əhəmiyət daşıyır. Bu vasitəylə AZAL-ın gəlirinin artması yaxşı olardı. Amma önəmlisi odur ki, Rusiya, İran, Türkiyə və Gürcüstan istiqamətində ən azından öz vətəndaşlarına elastik bir bilet qiyməti təklif edə bilsinlər".