Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən, çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur. Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib.
Odur ki, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, tonqal qalayarkən məkanı düzgün seçmək lazımdır:
"Tonqal qalanacaq yerə ən azı 15 metr məsafədə tez alışa bilən, yanma qabiliyyəti yüksək olan materiallar, nəqliyyat vasitələri olmamalıdır. Alov yüksək gərginliyə malik elektrik xəttlərindən kənarda qurulmalıdır. Tonqal yer səthində metal lövhənin üzərinə qoyulmalı və hündürlüyü bir metr 20 sm və maksimum bir metr 50 sm olmalıdır. Həmin metal lövhə həm asfalt örtüyün korlanmasının, həm də parça qırıntısından qalan qığılcımın ətrafa yayılmasının qarşısını alır. Tonqal tam söndükdən sonra həmin yeri tərk etmək gərəkdir. Ümumiyyətlə, tonqal ətrafında priotexniki vasitələrdən istifadə etmək yolverilməzdir. İstifadə olunan taxtanın üzərində boya və kimyəvi tərkibli maddələr olmamalıdır. Tonqalı içərisinə metal, tənəkə, şüşə, konserv qabları atmaq olmaz. Xüsusən də maşın təkərlərini yandırmaq məqsədəuyğun deyil. Burada ayrılan tüstü toksin xarakterli olduğuna görə tonqal ətrafında toplaşan insanların həyat və sağlamlığına təhlükə yaradır".