Aqşin Yeniseylə 8 Mart SÖHBƏTİ: "Hədiyyə verməyin mənşəyi qorxu və riyakarlıqdır"

"8 mart hədiyyələşməsi cəmiyyətdə mədəniyyətsiz münasibətlər sistemi yaradıb"

"Bir uşağı olan valideynlərin əlinə özlərini üç uşağı olan valideynlərə göstərmək üçün 8 mart fürsəti düşür"

"Beş manatlıq kişilər üç manatlıq kişiləri qadınlara aldıqları hədiyyələrin qiyməti ilə əzirlər"

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Günün tarixinə nəzər salsaq, görərik ki, bu bayram heç də gözəlliyi və romantikliyi özündə ehtiva etmir. Beynəlxalq Qadınlar Günü özlüyündə qadın hüquqlarının dünyaya çatdırılmasının və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin yada salınması üçün vurğulanacaq özəl gündür.
167 il bundan əvvəl yəni, 1857-ci ilin 8 mart tarixində ABŞ-ın  Nyu-York şəhərində geyim sektorunda işləyən qadınlar 16 saatlıq iş rejiminin 10 saata salınması, aşağı maaşa, uzun çalışma saatlarına, pis iş şəraitinə etiraz olaraq nümayişə çıxıblar.

1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Azərbaycanda isə 8 Mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşib.
Elə həmin tarixdən də qadınlarımız əks cinsin nümayəndələrindən diqqət, qayğı və hədiyyə gözləyirlər. 
Ənənəyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda "8 Mart - Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.

Hər nə qədər qadınlarımız bu günü səbirsizliklə gözləsə də, hər il 8 mart gələndə ölkəmizdə  bir ajiotaj başlayır. Xüsusilə də son illər sosial medianın və hədiyyəlik əşya mağazalarının kampaniyaları ilə bu gərginlik daha da artır. Fikrlər də həmişəki kimi haçalanır. 8 Martın bizə nə aidiyyatı var deyənlərdən, 8 Mart dində haramdır deyənlərə qədər var.
Feministlər  isə hesab edirlər ki, hökumət məişət zorakılığının qarşısını almaq üçün yetərli səy göstərmir, buna görə də ölkədə məişət zəminində qadın qətllərinin sayı artır, cinsi-ayrı seçkiliyə yol verilir, qadın hüquqları pozulur. Elə ölkə ziyalılarının, intellektual kəsimin də 8 Martla bağlı fikirləri fərqlidir.

Məsələn, şair Qulu Ağsəs hesab edir ki,  "Azərbaycan qadını ilin 365 günü cəfakeşdir, 8 Mart da daxil. Bu saat təkcə Azərbaycanda yox, bütün dünyada yaşayan qadınları  təbrik etmək keçir ürəyimdən. Əsas təbriklərsə şəhid analarına düşür. Onları ayırmaq istəyirəm digər xanımlardan. Şəhid anaları, şəhid xanımları, şəhid qızlarını ayrıca təbrik edirəm. Biz bütün əvvəlki bayramlara görə də, bundan sonrakı bayramlara görə də onlara minnətdarıq olmalıyıq".

Şair Aqşin Yenisey də 8 Marta münasibətini "Sherg.az"a danışıb: 

- 8 mart başlanğıcda əmək bazarında çalışan qadınların günü kimi qeyd olunub. O qadınların ki, kişillərlə bərabər zavodlarla, fabriklərdə çalışırdılar, amma kişilərlə eyni hüquqlara sahib deyildilər. Məsələn, məşhur məktub var, Okler Ubertina adlı fransız qadın bələdiyyə sədrinə yazır ki, seçki hüququ vermirsinizsə, məndən vergi də istəməyin. İşin kökü o məktubdadır. Ondan əvvəl yüz il əvvəl fransız qadın filosof Olimpiya de Quj qadınlara hüquqlar tələb edən bəyannamə yazmışdı, onu da Avropa demokratiyasının baniləri edam etmişdilər. Yəni bu söhbətlərin üç əsrə yaxın tarixi var. 8 mart sonradan ilin bütün gününü 8 mart havasıyla yaşayanların bayramı oldu. Bu gün 8 martda heç yada düşməyən qadınlar zəhmətiylə dolanan qadınlardır. 8 marta donuz əti kimi yanaşanlar inandıqları dinin cəhalətinə bürünənlərdir. Onlar Məhəmməd peyğəmbərin öz xanımı Ayişə ilə münasibətləri haqqında oxusalar görərlər ki, islamın ilk ailəsində qadın necə azadlıqlara sahib olub.      

- Bu gün ölkəmizdə  qadına verilən dəyər arzuolunan  səviyyədə deyil?

-  Azərbaycanda islam və siyasi islam, demokratiyanın əsli və alveri, liberal dəyərlər və liberal dəyərsiləşdirmələr olduğu kimi, qadın azadlığı və azad qadınlar bölgüsü də var. Qadın azadlığı hüquqi anlayışdı və Azərbaycanda qanunla qorunur. Kişilər arasından da ölümlə nəticələnən mübahisələr baş verir. Azərbaycanda qadın qətllərinin çoxu qadınların hüquqlarının tapdalanmasından yaranmır, qadınların kişilərlə bərbərhüquqlu münasibətlərə sərbəst girə bilmələrindən yaranır. Biz o mübahisələrə girəndə ölümü gözə alırıq və bir-birimizi öldürdükdə də səsimiz çıxmır. Amma qadın kişiyə qarşı kişi kimi davrandıqda belə qadın olduğunun nəzərə alınmasını istəyir. Qadın kişilərlə bərabərhüquqlu münasibətə girdiyi bütün ölkələrdə öldürülür. İki il əvvəl təsadüfən qarşıma Fransada 2022-ci ildə öldürülən qadınların statistikası çıxmışdı. 129 qadın, yəni hər iki günə bir qadın öldürülmüşdü "qadın azadlığının beşiyində". Bizim feministlər ya psixoloji problemləri olan qadınlardır, ya da qrant layihələrini icra edirlər. Onları qadın azadlığı maraqlandırmır, onlara tapşırılıb ki, sıravi qadınlardan “azad qadın” qayırsınlar. Sonra bu “azad qadınlar” başqalarına lazım olacaq, məsələn, lazım olanda onlardan “sülh quşu” düzəldəcəklər və s.

- Aqşin Yenisey bir oğul, qardaş və həyat yoldaşı olaraq 8 Martı necə yola verir? Şablon təbrik, şeir, yoxsa xüsusi hədiyyə ilə?

-  Mən kənddə böyümüşəm. Kənddə münasibətləri mədəni yox, bəşəri dəyərlər tənzimləyir. Əli Kərimin “Ata” şerində olduğu kimi, kəndçilər bircə dəfə “can” deməzlər, amma dar gündə canlarını verərlər. Hədiyyə vermək də mədəni dəyərdir, mənşəyi qorxu və riyakarlıqdır. Yaxşısı budur, bayram günü hədiyyə vermənin tarixini danışıb qanqaraçılıq salmayım.    

-  Sizə görə, bir qadına veriləcək ən gözəl hədiyyə nədir?

-  Bilmirəm, heç vaxt belə bir suala cavab axtarmamışam.

-  8 Martla bağlı ən böyük problem məktəblərdə yaşanır. "Bütün ilboyu uşaqların zəhmətini çəkirəm, ildə bir dəfə 8 martı bizə çox görəcəksiniz?..”deyən müəllimlər tənqid edilir, "hamı verir, uşağım seçilməsin deyə, biz də borc -xərc tapıb alırıq" deyən isə validyenlər etiraz edir. Nazirlik guya xəbəri yoxmuş kimi "qanunsuz hal aşkar olunsa tədbir görüləcək deyir". Bütün bu proseslərin içərisində əzilən isə uşaqlar olur... Çıxış yolu varmı?

-   Bayaqkı kənd-şəhər məsələsində mən bunu deyirdim. Görürsünüz, mədəni bir bayram olan 8 mart hədiyyələşməsi cəmiyyətdə necə bir mədəniyyətsiz münasibətlər sistemi yaradıb. Təkcə məktəblər deyil, bütün sahələr belə özəl günlərdə eybəcər bir şəkil alır. Bir uşağı olan valideynlərin əlinə özlərini üç uşağı olan valideynlərə göstərmək üçün 8 mart fürsəti düşür. Beş manatlıq kişilər üç manatlıq kişiləri qadınlara aldıqları hədiyyələrin qiyməti ilə əzirlər və s. Bu mədəniyyətin rüsvayçılığıdır. Milyonların yaşadığı şəhərlərdə həmişə belə olub, belə də olacaq. Bu məsələdə “günah keçisi” axtarmaq haqsızlıqdır.