Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

Bakının daha iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə gözlənilir.