İlahiyyatçı: Hər ailə öz uşağının hansı yaşda oruc tutacağını gözəl bilir

Başqalarının narahat olmasına ehtiyac yoxdur

“Qızlar 12, oğlanlar 14 yaşdan oruc tuta bilər. Şübhəsiz ki, tam sağlam adamdan söhbət gedir”

İslam dininə görə, oruc müsəlmana həddi-buluğa çatandan sonra vacibdir

  İslam dinində yeniyetmə yaşına çatmamış uşaqların oruc tutması məcburi deyil. Həkimlər də  hesab edir ki, uşaqlardan Ramazan ayında həqiqi mənada oruc tutmalarını gözləmək, ya da buna icazə vermək sağlamlıqları baxımından təhlükəlidir.
  Pediatr Vaqif Qarayev sosial media hesabında oruc tutmağın uşaqlar üçün zərərli olduğunu bildirib: "Yuxu və qida rejimi uşağın sağlamlığı üçün çox vacibdir.
Həm övladınızın yeməyindən şikayətçisiniz ki, onu yemir, bunu yemir, həm də oruc tutdurursunuz məktəbli uşaqlara. İllərdi deyirik, oruc tutarkən düzgün qidalanmayan  uşaqların  sağlamlığında yeni problemlər yaranır. 
  Uşaqları oruc tutmağa məcbur etməsək yaxşıdır. Onsuz da son illər pandemiya ilə bağlı onların qida rejimi pozulub. Uşaqlar daha çox idmana getsin, açıq havada çox olsunlar. Onlar üçün bol əyləncələr fikirləşsəniz yaxşı olar. Məcburi aclıq bir çox xəstəliklərə yol açacaq. Uşağınızın da əvəzinə dua etsəniz yetərli olar, məncə...”

  İlahiyyatçı Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, islam dininə görə, oruc müsəlmana həddi-buluğa çatandan sonra vacibdir. Mükəlləfiyyət yaşı da hər ölkəyə görə dəyişir: 

“Məsələn, isti ərəb ölkələrində bu yaş fərqi daha azdır. Tutaq ki, ölkəmizdə də həddi-buluğa çatma yaşı var. Qızlar 12, oğlanlar 14 yaşdan oruc tuta bilər. Şübhəsiz ki, tam sağlam adamdan söhbət gedir. Ancaq tutmasa belə, burada böyük bir günah yoxdur. Əsas odur ki, insanlar oruca uşaqlıqdan alışsın. 
  Uşaqların ailələrində və ətraflarında gördükləri bu dini ənənəyə maraq göstərib sahur və iftara hazırlıq vaxtı xoş təlaşa qapılaraq oruc tutmaq istəmələri təbiidir. Oruc tutmaq istəyi və buna bənzər böyükləri yamsılama hissləri ailələri ilə eyni hissləri paylaşaraq tez böyüyüb ailə üzvlərinin yaşadığı həyəcana ortaq olma duyğusu ilə əlaqəlidir.
Əgər zərər və ziyanı olarsa, ələlxüsus da həkim məsləhət bilmirsə, bu zaman qətiyyən oruc tutmaq olmaz. Hətta tutsa belə günahdır. Çünki Allahın verdiyi cismə zülm etmək ən böyük günahdır. Oruc tutan adam gərək tam sağlam, həddi-buluğa çatmış, səfərdə olmayan olsun. Xəstələr, müsafirlər, hamilə qadınlar, uşaqlar, yaşlı insanlar oruc tutmaqdan rüxsətlidirlər. Ramazanda oruc tutmaq imkanı olmayanlar sonra tutar. Yaxud da müəyyən miqdarda fidyə deyilən ərzaqları imkansızlara paylayar.
  Pediatrlar niyə 8 kiloqramlıq məktəb çantalarının şagirdlərin belini əydiyindən danışmır? "Azərsun"un zərərli və ziyanlı palma yağları ilə hazırlanan qidalarının uşaqların səhhətini məhv etdiyindən danışmır? Hər ailə öz uşağının hansı yaşda oruc tutacağını gözəl bilir. Başqalarının bundan narahat olmasına ehtiyac yoxdur.
Əksinə, sübut olunub ki, ac qalmaq, oruc tutmaq, pəhriz saxlamaq sağlamlığa çox faydalıdır. Ola bilsin bəzi həkimlər narahatdır ki, insanlar oruc tutmaqla sağlamlaşar və onlara ehtiyac qalmaz, dərman biznesləri zəifləyər.
  İslam sağlamlıq dinidir. Peyğəmbərin katibi, köməkçisi, qoruyucusu, dəlləyi, mirzəsi vardı, ancaq həkimi yox idi. Çünki islam elə bir həyat tərzidir ki, onu yaşaya bilənə dərman, həkim lazım deyil. Çünki bu resepti Allah-təala özü təyin edib. Ancaq bununla yanaşı uşağı məcbur etmək də olmaz. Ümumiyyətlə, ibadət məcbur olmaz, mütləq könüllü olmalıdır”.