Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama verib. Agentliyin açıqlamasında qeyd edilib ki, yayılan məlumatlardan xəbərdardırlar:
"Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".
Bəs görəsən, təhsil müəsisələrində terror aktlarına qarşı lazımi orqanlar hansı tədbirlər görüb?
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da terror təşkilatları dezinformasiya yayırlar:
"Bu kimi hallar bizə dünya təcrübəsindən məlumdur. Təbii ki, məktəblərdə güc strukturları gücləndirilməlidir. Valideynlər, şagirdlər, müəllimlər diqqətli olsunlar. Şübhəli şəxs və yaxud əşya gördükdə polisə məlumat versinlər.Məktəblərdə istər kameralar, istərsə də canlı qüvvələr vasitəsi ilə insanların təhlükəsizliyinin qorunması üçün işlər görülüb. Narahatçılığa ehtiyac yoxdur,lakin tədbiri əldən vermək də olmaz".