Sonuncu döyüşü - Lələkənd əməliyyatı

Araz Əmilovun şəhidlik zirvəsinə ucalmasından 32 il keçir


  Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə hər zaman  örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu dərindən öyrənməlidir.




 
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub.
  90-cı illərin əvvəllərində ordumuz qurulana qədər Ermənistan Qazax istiqamətində də bir neçə təxribat xarakterli əməliyyatlar həyata keçirib. Həmin əməliyyatlar nəticəsində Qazax rayonunun 7 kəndi ermənilər tərəfindən işğal edilərək tamamilə dağıdılıb.  Söhbət hazırda da anklav  ərazi kimi Ermənistan tərəfindən mübahisə predmetinə çevrilən, lakin 44 günlük Vətən müharibəsi zamanı imzalanan Üçtərəfli Bəyanata əsasən, Azərbaycana qaytarılmalı olan kəndlərdən gedir. 

 
  1-ci Qarabağ müharibəsi zamanı Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 

Həmin kəndlərimiz işğal edildikdən sonra ermənilərin daha da irəliləməsinin qarşısının alınması üçün ordumuz müəyyən addımlar atıb. Bəzən əks-həmlələr edərək ermənilərə müəyyən zərbələr vurmağa da nail olublar. Lakin həm qüvvələrin qeyri-bərabərliliyi, həm də keçmiş Sovet ordusunun bəzi zabitlərinin doğru hərbi strategiya keçmələri, ordumuza daha geniş əməliyyatlar aparmağa imkan verməyib. 
  Hərbi əməliyyatların aparılması zamanı ən uğurlu nəticələr kəşfiyyat məlumatlarının dəqiqliyindən asılıdır deyir, keçmiş döyüşçülərimiz.  90-cı illərdə nizami ordu formalaşmadığı üçün kortəbii əməliyyatlar bir çox hallarda uğursuzluqla nəticələnib, hər əməliyyat sonunda xeyli itkilərimiz olub. Ermənilərin təkcə Qarabağda deyil, dövlət sərhədləri boyunca da apardıqları təxribat xarakterli əməliyyatların qarşısının alınması üçün xeyli işlər görülüb.  Lakin təəssüf doğuran haldır ki, bu cür əməliyyatların bəzən məxfi saxlanılmaması düşmənin xeyrinə işləyib. Həmin əməliyyatlardan biri də 1992-ci ilin dekabrın 29-da Qazax rayonu istiqamətində Ermənistanın İcevan rayonunun Lələkənd kəndinə edilən əməliyyat olub. Həmin əməliyyat zamanı ordumuzun 32 əsgəri qəhrəmanlıqla şəhid olub.
Ümumiyyətlə, Qazaxın Ermənistanla həmsərhəd kəndləri strateji cəhətdən çox əhəmiyyətlidir. Bura Ermənistanın Berd və İcevan rayonlarının bizimlə sərhəd olan kəndləri də daxildir. İcevanın sözügedən Lələkənd kəndi isə bizim Qazax rayonu üçün xüsusi əhəmiyyətə malik olan yüksəklikdə yerləşir. Lələkənd nəyə görə əhəmiyyətlidir? Birincisi, Lələkəndin aşağı hissəsində bizim iki kəndimiz (Bala Cəfərli və Barxudarlı) yerləşir. Ordumuz qurulana qədər Sofulu və Barxudarlı kəndlərimiz ermənilər tərəfindən işağl edilsə də, həmin istiqamətdə Bala Cəfərli kəndi qalmışdı. Bala Cəfərli kəndi ərazisində də bizim 3 rayonu, Ağstafa, Qazax, Tovuz rayonlarını təmin edəcək Ağstafa su anbarı (Didvan gölü) yerləşir. Həmin su anbarı 3 rayonun təsərrüfatı üçün əhəmiyyətli bir vahiddir. Əgər həmin vaxtlar Bala Cəfərli də işğal edilsəydi, su anbarı da ermənilərin nəzarətinə keçərdi. Bu baxımdan Lələkənd əməliyyatlarının aparılması mütləq idi.  
  Tarixə "Lələkənd əməliyyatı" kimi  düşən ağır  döyüşdə ölümləri ilə ölməzliyə qovuşan 32 igid, qəhrəman oğullardan biri də Daş Salahlının fəxri, qüruru, şəhid oğlu  Araz Əmilov olub. Araz  Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 


 
1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olub. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil alıb. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə gedib. 

  Nişanlı idi, toyuna gün sayırdılar. Buna rəğmən o, canından əziz tutduğu torpağını qorumaq üçün könüllülər dəstəsinə qoşulub. Avey dağında ermənilərə qarşı vuruşub. Könüllülər dəstəsi buraxıldıqdan sonra hərbi komissarlığın çağırışı ilə yenə də könüllü olaraq Milli Orduya yazılıb, son damla qanına qədər Vətəni qorumağa and içib. 
Qısa vaxt ərzində onun qəhrəmanlığı, igidliyi komandirləri tərəfindən mükafatlandırılıb.
  PDM tağımının ən fəal, ən mərd döyüşçülərindən olub. İlk gündən bütün döyüşlərdə  canını belə əsirgəməyərək qəhrəmancasına döyüşüb,  elə PDM-də də həlak olub.  Arazın iştirak etdiyi ən ağır döyüşlərdən olub Lələkənd əməliyyatı...
Son gülləsinə və son damla qanına qədər döyüşən Araz Əmilov elə 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə də qəhrəmancasına şəhid olub. Mühasirəyə düşən digər əsgər yoldaşları ilə birlikdə onun da  meyiti 44 gün erməni təcavüzkarlarında qalıb. Ermənilər şəhidlərimizin meyitlərini təhvil alan hərbiçilərimizə   deyib  ki, əsgərlərimizdən bir neçəsi sona qədər döyüşüb patronları qurtardıqdan sonra ələ keçməmək üçün özlərini partladıblar. 
 Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevralın 10-da dəfn olunub.  Həmin gün doğma Daş Salahlı torpağında üç rəngə boyanmış  bir  tabut, bayraq tək çiyinlərdə yüksəldi. Məğrur Avey dağı qeyrətli oğlunu bağrına basdı. 
  Anası Minayə xanım oğlu ilə bağlı xatirələrində deyib ki, Araz  orduya gedəndə nişanlı imiş. Şəhid  olan günü də evdə anası-bacısı onun bayram xonçasını hazırlayırmış. 
Qabaqdan Yeni il gəlirdi və Arazın nişanlısıgilə bayramlıq aparacaqmış. Ancaq həmin gün Arazdan xəbər çıxmır deyə, qardaşı narahat qalıb hərbi hissəyə gedir və üzü üstdə geri qayıdır ki, Araz əsir düşüb. 

  Arazın meyitini ancaq əli ilə hördüyü bir tay corabdan tanıyıb Minayə ana...

Əzizim tək corabdan, 
Tək naxış tək corabdan
Balamı bir gündə gördüm
Tanıdım tək corabdan.


  "Şərq" qəzetinin baş  redaktoru Akif Aşırlı isə Araz Əmilovla bağlı xatirələrində bunları deyib:
"Arazla bir sinifdə oxumuşam. 10 il doğma məktəb yollarında bir yerdə addımlamışam.Təhsil aldığımız 1 saylı orta məktəb  də indi Araz Əmilovun adını daşıyır.
Araz hələ uşaqlıqdan səmimiyyəti, bacarığı ilə çoxumuzdan fərqlənirdi. Hərbi sahəyə də elə uşaqlıqdan meyilli idi. Yaxşı yadımdadır, Naxçıvanski adına hərbi məktəbə sənəd vermişdi. Lakin arzusu baş tutmamışdı. Niyyətin hara, mənzilin də ora deyiblər. Araz bu həyatdan nakam gedib, sevdiyi qızın gözünü yollarda qoysa  da, hərbçi olmaq arzusu ürəyində qalmadı. 92-ci ildə torpaqlarımız uğrunda  döyüşlər başlayan kimi Araz orduya könüllü yazıldı. Gecə-gündüz Avey qayalarına sinə gərib doğma torpaqlarını düşməndən qorudu. Qısa müddətdən sonra döyüş bacarığı, mərdliyi ilə seçilən Araz N saylı hərbi hissədə tank briqadasında fəaliyyətə başladı. Onun son döyüşü, son qəhrəmanlığı isə Lələkənddə oldu. 
  Arazın ölüm xəbərini alanda heç inanmadım. 32 il keçib, hələ də inanmaq istəmirəm. Uşaqlıqdakı kimi onunla görüşüb, dərdləşmək istəyirəm. Onsuz da 92-ci il mənim həyatımın faciələr ili olub. Xalqımızın neçə-neçə qeyrətli oğlunun, qardaşımın, atamın faciəli ölümləri əbədi yaralardı. Həmin il həyat bir zərbə də vurdu mənə, dost, qardaş yarası...

  Uşaqlıqda çörəyini kəsdiyim, özümə doğma ana bildiyim Minayə ana deyirdi ki, Arazın ən böyük arzusu Azad vətəndə azad yaşamaq, vaxtı ilə atasının dağlardan  çəkdirdiyi bulağı bərpa etmək idi.

Mən indi Arazla görüşüb onu muştuluqlamaq istəyirəm. Uğrunda canından keçdiyi torpaqları indi azaddır. Araz kimi qardaşlarını hər daim  özlərinə  örnək götürən qəhrəman Azərbaycan gəncləri ərazi  bütövlüyümüzü bərpa edib. Ona 44 günlük Vətən müharibəsində şanlı ordumuzun göstərdiyi şücaətdən, qəhrəmanlıq salnaməsindən, nəinki düşməni, dünyayı lərzəyə salan döyüş taktikasından danışmaq istəyirəm. Təbii ki, o dünyada görüşəndə.
Şəymən Bayramova