Novruz ənənəsi: "Fala inanma, falsız da qalma"

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Bu ənənələr uzun illərdir ki, mövcuddur. Bəs həmin inaclar nə dərəcədə həqiqəti əks etdirir?

Mövzu ilə bağlı danışan folklorşünas Nigar Həsənova “Sherg.az”a söyləyib ki, Azərbaycan xalqının mərasim mədəniyyətində Novruz bayramının özünəməxsus yeri var:

"Bayramın tarixinə nəzər salsaq, bir çox tədqiqatçılar bunu İslamiyyətlə, digərləri isə atəşpərəstliklə əlaqələndirirlər. Əslində, Novruz bayramının kökləri daha qədimlərə gedib çıxır. Çərşənbələrin keçirilməsi də 4 ünsürlə bağlıdır. Su, od,hava, torpaq. Qədim türklər suyun müqəddəsliyinə inanıblar. Bu bayram mövsüm mərasimi deyil, yaradılışla bağlıdır. Hər bir şey yenilənir. İnama görə, ilaxır çərşənbədə suyun dayandığı bir an olur və onu yalnız əməli saleh insanlar görür. Fallara gəlincə isə insan daima sabahı bilmə arzusuyla yaşayır. Ona görə də son çərşənbədə bir çox fallar mövcuddur. Bu bir inancdır. Məsələn, mən şəxsən  qulaq falına çox inanıram. Yaxşı sözlər eşitdikdə görürsən ki,həmin il sənə uğurlu gəlir".