Son bir ayda ikinci əl maşın bazarında durğunluq yaşanır.
Satıcılar bildiriblər ki, bazarda kifayət qədər avtomobil olsa da, alıcısı yoxdur. Bəs bu durğunluq nə ilə bağlıdır?
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a söyləyib ki, ikinci əl avtomobillər daha çox ilin isti aylarında satılır:
"Bunun əsas səbəbi isə həmin vaxt insanlar daha çox gəlir əldə edirlər. Son illər 10 yaşdan yuxarı olan avtomobillər ölkəyə daha az gətirilir. Bu da qiymətlərə öz təsirini göstərir. Hər il xaricdən gətirilən maşınların say nisbətinə görə, onların ehtiyat hissələri, qiyməti hesablanır. İdxal olunan avtomobillərin maya dəyərinə valyuta dəyişiklikləri də təsir edir. Digər ölkələrdən maşın alışı dollar ilə həyata keçirilir. Maşın bazarında durğunluğa səbəb son vaxtlar vətəndaşların avtomobillərə marağının azalmasıdır. Hər kəs necə deyərlər, öz maşınından bərk-bərk yapışıb. Onu təmir edərək yenidən istifadə edirlər və dəyişmək kimi bir fikirləri olmur".