Keçmişdən bu günə baharda səməni cücərtmək adət halını alıb. Lakin bayramdan sonra xonçalarımızı bəzəyən səməninin saraldıqdan sonra hara gəldi atılması xoşagəlməz mənzərə yaradır.
Bəs əslində necə olmalıdır?
Bərəkət dediyimiz buğdanı zibilliyə atmaq nə dərəcədə doğrudur? Mövzu ilə bağlı danışan folklorşünas Nigar Həsənova “Sherg.az”a söyləyib ki, bu adət qədimdən var və buğdanı zibilə atmaq günah hesab olunur:
"Hətta Qubada səməni atma günü təşkil olunur. Bayramdan sonra sakinlər bir yerə toplaşaraq səməniləri axar suya atırlar. Bu suyun müqəddəsliyi ilə bağlıdır. Bir çox bölgələrdə isə səmənini ağacın dibinə qoyurlar. Həmçinin bu, ağaca olan inamla əlaqədardır. Əksər ərazilərdə isə saralan səmənilər atılmır, ondan səməni halvası hazırlanır. Ona görə də səmənini hara gəldi atmamaq lazımdır".