"Dostlar, oğlum (11 yaş) dinə aid müxtəlif suallar verməyə başlayıb. Hətta bu mövzu onun ciddi qayğısına çevrilib.
“Öləndən sonra ata-anamı bir daha görməyəcəyəm??!”, - qayğısı isə hər gün əsas mövzusudur. Göz yaşları içində suallar verir.
Yanlış cavab verməkdən qorxuram. Savadlı bir din xadimi bizi qəbul edib oğlumla söhbət etsə, çox məsud olardıq.
Kim yardımçı ola bilər?
“Özün danış”, deyən dostlar üçün statusa sonradan etdiyim redaktə:
Oğluma verdiyim cavablarda ağzımdan çıxan hər kəlmənin üstündə əsməliyəm. Bu, inanılmaz dərəcədə həssas mövzudur. Yüz ölçüb, bir biçməliyəm.
Həm onun marağı sakitləşməli, həm də yetkin insan olmayana qədər heç bir dinə fanatik dərəcədə bağlanmamalıdır".
Bu fikirləri aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu öz feysbuk hesabında paylaşıb. Müəyyən yaşlarda bir çox uşaqlar valideynlərinə bu tip suallar verirlər.
Bəs görəsən, azyaşlılarla ölüm haqda danışmaq doğrudur? Valideynlər bu tip stiuasiyalarda nə etməlidirlər?
Məsələ ilə bağlı danışan yazıçı, psixoloq İlqar Kamil "Sherg.az"a bildirib ki, ölüm həqiqəti haqqında psixoloji söhbətlər aparmaq yaş aralığına görə dəyişir:
"Belə ki, insanda konkret və mücərrəd düşüncə növü mövcuddur. Məsələn, ölüm mücərrəd bir həqiqətdir. Bu haqda 6-12 yaş arası uşaqların inancına uyğun olaraq daha geniş danışmaq olar. Əslində həmin yaş aralığında bu tip suallara daha çox rast gəlinir. Bu kimi stiuasiyalarla qarşılaşdıqda narahat olmağa ehtiyac yoxdur. Uşaqların 5 yaşından başlayaraq, ölüm barədə sual verməsi normaldır. Hər valideyn övladını daha yaxşı tanıyır. Onun dilinə və dünya görüşünə uyğun formada danışıqlar apara bilər. Bunu əsasən təbiət hadisələriylə izah etmək daha məqsədəuyğundur. Onların bunu tam başa düşmələri mümkün olmasa da ən azından suallarına cavab tapmış olacaqlar. Valideynlər dinə bağlıdılarsa, inanca uyğun olaraq həqiqətləri demək olar. Ancaq Cəlalə xanımın dediyi kimi uşaq ağlayaraq sual verirsə, ölüm,yaxınlarını itirmək qorxusu yaşayırsa, mütəxəsis dəstəyi daha məsləhətlidir".