Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.
APA xəbər verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
İH başçısı bildirib ki, Şəhidlər xiyabanında Xocalıda qazıntı işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqdan tapılan 7 nəfər Xocalı sakininin qalıqları dəfn olunacaq.
Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Səriyyə Müslümqızı “Sherg.az”a açıqlamasında bildirib ki, rəsmi rəqəmlərə görə, Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər şəhid olub,150 nəfər isə itkin düşüb:
"İtkinlərin ailə üzvləri 32 ildir gözləyirlər ki, ən azından onların ölüb-qalmağından bir xəbər alsınlar. Bu gün artıq bir nəfərin Ceyranbatan qəsəbəsində vida mərasimi keçirilib. Hələki 7 nəfərin qalıqları tapılıb. 142 nəfərin doğmalarının isə gözləri yollardadır. Xocalıda araşdırmalar aparıldıqca kütləvi məzarlıqlar tapılır. Ümid edirik ki, qısa vaxtda araşdırmalar yekunlaşacaq. Həsrət çəkən ailələrə bir xəbər veriləcək. Cəsədlərin Xocalıda dəfn olunması isə daha məqsədə uyğundur.
Qeyd edim ki, soyqırımdan sonra Xocalı sakinləri 53 rayonda məşkunlaşıblar".