Ramazan ayında oruc tutanlar Qədr gecələrini səhərə qədər oyaq qalırlar. Onlardan bəzisi ətrafına topladığı insanlarla səhərə qədər söhbət etməklə, televizora baxmaqla, yaxud məsciddə və ya evdə başına “Qurani-Kərim” qoymaqla Qədr gecəsini keçirirlər. Hətta, bu mövzuda bəzi din xadimləri arasında fikir ayrılıqları da mövcuddur. Bəziləri bunu xurafat adlandırır.
Maraqlıdır, bu, nə dərəcədə düzgündür və mahiyyəti nədir? İslam dinində belə bir qayda var?
Məsələ ilə bağlı "Sherg.az"a danışan ilahiyyatçı-alim Elşad Miri söyləyib ki, Allah bizdən Quranı başımıza qoymağı yox, onu başa düşməyimizi istəyib:
"Yəni, kitabı başa qoymaqla oradakı olan bilgi beynimizə girməyəcək. Əvvəl yazılan Qurani-Kərimi kim başına qoysa, altında qalıb əzilərdi. Çünki həmin dövrlər bilgi dərilərə yazıldığı üçün ağır idi. Sadəcə olaraq bu Quranın yanlış anlaşılmasının nəticələrindən biridir. Allah bizə heç bir vaxt belə qayda qoymayıb. Hətta, İmam Əli ilə savaşa gələnlər Quran nüsxələrini götürüb üzlərinə tuturdular ki, onlarla savaşılmasın. Lakin imam Əli döyüşün dayandırılmama əmrini verir. Quranı başımıza qoymaq yerinə ona uyğun hərəkət edərək yaşamalıyıq. Bir sözlə, İslam dini ilə bunun əlaqəsi yoxdur. Kim də bunu təbliğ edirsə, öz biləcəyi işdir".