Elşad Paşasoy: "Bu il çox maraqlı olacaq! Allah dövlətimizi və millətimizi qorusun!"

"May ayında əfv gözlənilir. Parlament və bələdiyyə seçkiləri də gözlənilir, referendum gözləntisi də var. COP29 kimi nəhəng beynəlxalq tədbir olacaq.."

"Qarabağa böyük qayıdışların irimiqyaslı mərhələlərinə şahidlik edəcəyik, bir gözümüz Qərbi Azərbaycanda..."


"May ayında əfv gözlənilir. Bəlkə elə yeni dövr Azərbaycanında böyük amnistiya da veriləcək. İnam var ki, çox məhbuslar ailələrinə qovuşacaqlar, dövlətimiz üçün faydalı insanlar olaraq yollarına davam edəcəklər".

"Sherg.az"ın xəbərinə görə, bu barədə tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib. 
Jurnalist vurğulayıb ki, bu il parlament seçkiləri gözlənilir: 
"İnam var ki, 7 fevral prezident seçkisində olduğu kimi, ümumxalq axını olacaq seçki məntəqələrinə, azad, demokratik seçki keçiriləcək. Azərbaycanda "səhv" tutmaq, təzyiq göstərmək istəyən paytaxtların da arzusu gözündə qalacaq, 7 fevralda olduğu kimi! Bu il referendum gözləntisi də var, yeni dönəm Azərbaycanın yeni Konstitusiyasına da ehtiyac var. Yeni idarəçilik mexanizminin ölkəboyunca tətbiqi, əhali və seçici sayı artan ölkədə deputatların sayının artırılması, seçki sistemlərinin paralel şəkildə tətbiqi və s. bağlı yeniliklər gözləniləndir". 

E.Paşasoy əlavə edib ki, bu il həm də ölkəmizdə bələdiyyə seçkiləri də gözlənilir: 
"Bələdiyyələri nəhayət, "süni nəfəs aparatı"ndan çıxarıb, onun səlahiyyətlərinin artırılması halında, ölkənin problemlərinin həllində, vətəndaş məmnunluğunun tətbiqində real güc sahibinə çevrilməsi həyata keçirilməlidir. Bu seçkilərə vətəndaş marağının ən azı 2009-cu il səviyyəsinə qaldırılması zəruridir. Xatırlayıram, ilk bələdiyyə seçkisində Oğuz rayonunda müşahidəçi idim. Səhər saat 6 radələrində bülletenlər sayıldı, proses bitdi və biz də evə döndük. Rəhmətlik Hikmət Hacızadə Şəkidəki seçkiləri müşahidə etməyə getmişdi...". 

Jurnalist bu il ölkədə Formula-1 keçiriləcəyini də xatırladıb: 
"Bu il ölkədə COP29 kimi nəhəng beynəlxalq tədbir olacaq. Qarabağa böyük qayıdışların irimiqyaslı mərhələlərinə şahidlik edəcəyik, bir gözümüz Qərbi Azərbaycanda...Bu il çox maraqlı olacaq! Allah dövlətimizi və millətimizi qorusun!".