“Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir”.
Bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.
Turizm eksperti Ceyhun Aşurov isə “Sherg.az”a bildirib ki, Xəzər dəninizinin səviyyəsinin enməsi qısa müddətli gəmi turlarının fəaliyyətini dayandırmağa səbəb olub:
“2022-ci ildən bəri bu fəaliyyət dayanıb. Azərbaycana gələn turistlər üçün də gəmi turları əyləncə və gəzinti fəaliyyəti kimi rekreasiya fəaliyyəti idi. Təbiət hadisəsi ilə əlaqədar olaraq bu xidməti yerinə yetirə bilmirik. Ölkəmizə gələn turistlərə və turizmə əks təsiri olmayacaq. Azərbaycanda kifayət qədər təmiz, böyük dənizkənarı bulvarımız və gəzməli-görməli tarixi abidələr var. Arzu olunardı ki, dəniz ilə bağlı digər turistlərin zövqünü oxşayan, onları əyləndirən və maraqlandıran digər rekreasiya fəaliyyətləri də olsun”.