Bu, Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər
Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Qeyd olunan müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Qırğızıstandan - 2 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, diqqətçəkən məqam Hindistandan gələnlərin sayındakı artımdır. Deputatın sözlərinə görə, ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir:
"Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar. Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi qorunub saxlanılıb. Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31 faiz artıb. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".