Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.
Milli.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu "28 May" və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.
Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün "28 May", Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.
Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, körpünün bərpası daha məqsədəuyğundur:
“Müasir dövrdə hər hansı mühəndislik qurğusunu inşa etmək baha olduğu üçün mövcud olan bir körpünün sökülməai məqsədəuyğun deyil. Həmin ərazidə geriyə dönməni mükəmməl şəkildə təmin və dairəvi hərəkəti təşkil etmək olar. Nəzərə alsaq ki həmin ərazi günün ayın və ilin fəsillərinə uyğun olaraq daha çox sıxlığa məruz qalır, bu cəhətdən oranı dərindən qiymətləndirmək lazımdır.”