Smartfon müzakirəsi: 16 yaşdan kiçiklər üçün qadağan edilə bilər

Böyük Britaniyada deputatlar növbəti hökuməti 16 yaşdan kiçik uşaqlar üçün smartfonu və məktəblərdə mobil telefondan istifadəyə qanuni qadağa qoymağa çağırıblar.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, İcmalar Palatasının Təhsil Komitəsi sosial media hesabı açma yaşının 16-ya qaldırılmasını tövsiyə edərək, həddindən artıq ekran və smartfon istifadəsinin uşaqlar və gənclərə “açıq mənfi təsir” göstərdiyini bildirib. Komitənin sədri Robin Uoker onlayn dünyanın ciddi təhlükələr yaratdığını və valideynlərin daha çox dəstəyə ehtiyacı olduğunu söyləyib. 


 
Hesabatda 16 yaşdan kiçik uşaqlar üçün smartfon qadağası, defolt valideyn nəzarəti və sosial şəbəkələrdə uyğun olmayan məzmuna girişin qarşısını almaq üçün nəzarətlər kimi tövsiyələr təklif edilirdi. Həmçinin bildirilib ki, məktəblərdə mobil telefondan istifadənin qanuni şəkildə qadağan edilməsinə baxılmalıdır.
Hesabatda sosial media platformalarına giriş üçün hazırkı 13 yaş həddinin 16-ya yüksəldilməsi lazım olduğu bildirilib. Digər tərəfdən, 2020-2022-ci illər arasında uşaqların ekranda qalma müddətində yüzdə 52 artım olduğu və gənclərin yüzdə 25-inin smartfonlarından asılılıq yaradan şəkildə istifadə etdiyi ifadə edilib.

Smartphone-Free Childhood kampaniya qrupu hesabatı alqışlasa da, bəzi qruplar qadağalar əvəzinə daha güclü qaydaların yaradılmasını müdafiə ediblər.