İnsanlar bu xəstəliyə yoluxarkən ancaq ölümü düşünürlər -PSİXOLOQ

Ağdaş sakini intihar edib.
 "Sherg.az" xəbər verir ki, rayon sakini, 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Son zamanlar bu kimi xəstəlikdən  əziyyət çəkən insanlar intihara əl atırlar. Maraqlıdır, onkoloji xəstələrə psixoloji yardım mütləqdirmi? Xəstələrin yaxınları onlarla necə davranmalıdır?

Suallarımızı cavablandıran psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, əvvəllər onkoloji xəstəlikdən daha çox qocalar əziyyət çəkirdi, indi isə gənc nəsildə bu xəstəliyə yoluxur: 

''Bəziləri bu xəstəliklə mübarizə aparmaq gücündə olurlar. Hətta, bununla yanaşı, başqa xəstələrə də motivasiya verirlər. Ancaq düşdüyü vəziyyətdən məyus olaraq intihara meyil edənlər də az deyil. Əslində, dövlət onkoloji xəstəlikləri öz üzərinə götürür və xəstələrin müalicəsini qarşılayır. Amma günümüzdə onkoloji xəstələrin çoxunun xaricdə müalicə aldıqlarını müşahidə edirik. Hətta, yaxınlarımdan biri də bu xəstəlikdən əziyyət çəkir. Müalicə dövründə ondan müəyyən məbləğlər tələb olunurdu. Halbuki bütün prossedurlar dövlət tərəfindən həll olunmalıdır. Yəni, bu qanun hələ də öz yerini tam tutmayıb. İnsanlar bu xəstəliyə yoluxarkən ancaq ölümü düşünürlər. Çünki müalicə dövlət tərəfindən qarşılansa da hansısa qurunlara pul ödəmək məcburiyyətində qalırsan. Bu baxımdan pasiyentin psixoloji durumu pozulur''.

Ekspert vurğulayıb ki, həmin xəstələrə həm psixoloji, həm də maddi yardım olunmalıdır ki, onlar özünü güvəndə hiss etsinlər: 
''Əvvəllər bu cür əməliyyatlar ancaq onkoloji mərkəzlərdə həyata keçirilirdi. İndi isə bu işi bir çox özəl xəstəxanalar yerinə yetirir. Həkimlər  xərçəng xəstəliyini insanların beyninə sağalmaz xəstəlik kimi yeridirlər. Əlavə olaraq reklamlarda da yanlışlıqlar mövcuddur. Məsələn, çipsilərdən istifadə etmək qadağandır, xərçəng olma ehtimalınız var. Hətta, günümüzdəki həkimlər xərçəngin nədən qaynaqlandığını tam bilmirlər. Bilsələr belə, media və cəmiyyətə düzgün ötürməyi bacarmırlar. Reklamlarda belə, xərçənigi sağalmaz bir nüans kimi göstərirlər. Bu halda həmin xəstələr intihara əl atırlar".