Yay mövsümünü əsas gətirib intervalı uzatmaq vətəndaşın hüququnu pozmaqdır
İctimai nəqliyyatda gediş haqlarının artırılması təbii olaraq belə ümid yaratdı ki, bundan sonra xidmətin səviyyəsi yüksələcək. Lakin təəssüf ki, belə olmadı
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, səhər saatlarında Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində və Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Belə xəbərlərə adətkarıq onsuz da. Qış, yaz, yay, sübh, axşam, tədris ili, yaxud məzuniyyət dövrü, fərq etmir. Paytaxtda tıxac daimidir. Ayrı-ayrı tədbirlər olanda isə vəziyyət dözülməz həddə çatır. Yollarda təmirə başlanır, buna görə bır sıra yollar bağlanır, hərəkət məhdudlaşır, qısası, dəhşət yaşanır. İndi də "Formula 1" Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində tez-tez yollar bağlanır. Məsələn, avqustun 23-də hazırlıq işləri çərçivəsində daha bir yol bağlanıb. Körpü quraşdırma işləri səbəbi ilə avqustun 23-ü saat 23:59-dan saat 05:45-ə qədər "Neftçilər" prospektinə giriş məhdudlaşdırılıb. Bu cür məhdudlaşdırmalar hələ olacaq. Bir söz demirik. Dünya əhəmiyyətli yarışdır. Amma, sakinləri, əhalini də nəzərə almaq olar, hər halda. Xüsusən, işə gedib-gələnləri. İşin çətinliyi bundadır ki, yollar bağlananda, hərəkət məhdudlaşdırıldıqda ictimai nəqliyyatın işi də pozulur, ləngimələr başlayır. Avqustun 23-ü saat 11:30 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının önündə sərnişinlər 39 saylı marşrut xətti ilə hərərkət edən avtobusu, bəlkə də, yarım saat gözləməli olublar. Sürücü də yolun bağlı olduğunu əsas gətirib. Ümumiyyətlə, tədris ili bitdikdən sonra ictimai nəqliyyatda intervalın uzadılması prosesinə başlanılır. Metroda da belə edirlər, sərnişin avtobuslarında da. Səbəb kimi sərnişin sıxlığının azaldığı göstərilir. Di gəl bu “intellektuallara” anlatmaq çətindir ki, interval artırılırsa, yenə sərnişin sıxlığı yaranacaq. Şəhərin bütün sakinləri yay fəslində məzuniyyətə çıxmır. Məzuniyyət olsun 20 gün – 24 gün... hər nə qədər. İnsanlar yenə işə çıxır axı. Metroda intervalın 3 dəqiqədən çox olması yetərlidir ki, platformada sərnişin sıxlığı yaransın, kondisionersiz vaqonlar bir yana, hətta kondisioneri işləməyən yeni vaqonlarda da nəfəs almaq çətinləşsin. Bakının əhalisinin və burada günəmuzd çalışanların son 10 ildə nə qədər artdığını bilmək lazımdır. Amma kimsə - hansısa qurum bu işlə məşğul olmur. Sərnişinlər isə “50 qəpik gediş haqqı alırlar, haqqını versinlər heç olmasa”, deyib etiraz edirlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yay mövsümündə ictimai nəqliyyatda intervalın uzadılması sərnişinlər arasında haqlı narazılığa səbəb olur:
- İctimai nəqliyyatda gediş haqlarının artırılması təbii olaraq belə ümid yaratdı ki, bundan sonra xdmətin səviyyəsi yüksələcək. Lakin təəssüf ki, belə olmadı. Avtobus parkında istismar müddəti bitmiş, nasaz avtobuslar yenə var, yenə onlar xəttə buraxılır, sərnişinlər narazı qalır. Yay mövsümünü əsas gətirib intervalı uzatmaq vətəndaşın hüququnu pozmaqdır. Kimsə məzuniyyətdədir, məktəblər bağlıdır deyə, başqa birisi dayancaqda dəqiqələrlə avtobus gözləməlidir? Hər bir vətəndaşın ictimai nəqliyyatdan rahat istifadə etmək hüququ var. Metropoliten yay mövsümü başlayandan elan edir ki, iyunun 15-dən sentyabrın 15-dək qatarların hərəkət qrafikində dəyişiklik olacaq. Niyə? İnterval uzanırsa, sərnişin sıxlığı əksinə, artır. Bir də ki metropoliten dövlət dotasiyası ilə işləyən qurumdur. Sərnişin sayı azalırsa, bunu dotasiya hesabına kompensasiya edə bilərlər. Eləcə də digər daşıyıcı şirkətlər. İctimai nəqliyyat həmişə saat kimi dəqiq işləməlidir. Onsuz da yollarda tez-tez tıxaclar yaranır. Avtobusların sayının azaldılması, intervalın uzanması sərnişinləri daha da çətin vəziyyətdə qoyur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AYNA məncə, bu məsələlərə müdaxilə etməlidirlər.