Təcili yardım taksi xidməti, yaxud yük daşımaq, xalça yumaq deyil ki, hər yerindən qalxan bu işlə məşğul olsun
Avtomobillərin fotosunu çəkib dəqiq informasiya verilsin, aidiyyəti qurumlar da buna uyğun iş aparsınlar, dəqiqləşdirsinlər
Taksi, “xalçayuma”, “166” - yükdaşıma, ev təmizliyi, fəhləlik, təmir…”, su, Wolt, “Acmısız?” – yemək çatdırma xidmətləri vardı, indi də “təcili xəstəxanaya çatdırmaq” xidməti əmələ gəlib. Hələlik konkret adı yoxdur, ad qoyulsa, yəqin “darıxma”, “bir az da döz”, “köməyə gəlirik”, “yardıma tələsirik”, olar.
Fərdi tibbi xidmət barədə “Unikal.az” saytı yazıb. Saytın yazdığına görə, xəbərdə vətəndaşlardan daxil olan müraciətlərə istinad edilib. Vətəndaşların dediyinə görə, şəhərdə fərdi şəkildə təcili tibbi yardımla məşğul olan şəxslər peyda olub. Onların istifadəsində həmin məqsədlə istifadə edilən xüsusi maşınlar da var. Bildirilir ki, sözügedən maşınlarla xəstələrə təcili tibbi yardım göstərilir, yaxud ehtiyac duyulduqda onlar hansısa tibb müəssisəsinə çatdırılır. Ən maraqlısı isə budur ki, belə şəxsi "tibbi yardım maşınlarına" xüsusi dövlət nömrə nişanları alınıb, müvafiq işıq və səs siqnalları ilə təmin olunub, üstəlik, həmin maşınlar hər hansı dövlət xəstəxanasına, yaxud özəl klinikaya bağlı deyil. Məlumatda həmçinin vurğulanır ki, haqqında danışılan maşınlar Azərbaycana bu yaxınlarda gətirilib və Bakı küçələrində günün istənilən vaxtı sərbəst şəkildə hərəkət edirlər. Qeyd edilir ki, əhali rəsmi fəaliyyətdə olan və dövlət tərəfindən maliyyələşdirilən təcili və təxirəsalınmaz tibbi yardımın səviyyəsindən narazıdır. Çağırışa gec gəlirlər, tibbi müdaxilə zamanında, operativ və keyfiyyətli deyil və sair. Özəl klinikaların ödənişli təcili və təxirəsalınmaz tibbi yardımı isə əksəriyyətin maddi imkanları ilə üst-üstə düşmür. Kimlərsə bu vəziyyətdən faydalanmaq məqsədilə fərdi qaydada və qanunvericiliklə müəyyən edilməyən şəkildə vətəndaşlara öz "təcili və təxirəsalınmaz yardımını" təklif etmək qərarına gəlib. Onların sağlamlığı təhlükə altına düşən vətəndaşların "köməyinə tələsərək" hansı ambulator və ya stasionar tibbi xidmət göstərdiyi isə heyrət doğurur. Xüsusilə özəl klinikalarda sürücü kimi çalışan şəxslərin bir müddət sonra işdən ayrılaraq bu fəaliyyət sahəsinə yönəlməsi barədə iddialar da var. Deyilənlər həqiqətə uyğundursa, əlaqədar orqanların, xüsusilə də Səhiyyə Nazirliyinin məsələdən xəbərsizliyi isə ikiqat təəccüblüdür. "Unikal" ilk baxışdan ağlasığmaz görünən bu iddia ilə bağlı araşdırma aparıb və aidiyyəti qurumlardan münasibət öyrənməyə çalışıb.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi halları aşkarlandığı təqdirdə DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir və baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanına göndərilir: "Qeyd edim ki, sözügedən maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub". Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, belə nəqliyyat vasitələrində xəstələrin daşınması və yaxud bu nəqliyyat vasitələrində tibbi yardımın göstərilməsinə dair konkret faktlar aşkar olunduqda bu barədə aidiyyəti üzrə müraciət olunması tövsiyə olunur: "Nəqliyyat vasitəsinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olduğu halda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB), özəl tibb müəssisəsinə aid olduğu halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, heç bir quruma aidiyyəti olmadığı halda, həmçinin yuxarıda qeyd olunan bütün hallarda hüquq-mühafizə orqanlarına müraciət olunması vacibdir".
Təcili yardım həkimi, terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında indiyədək belə bir halla rastlaşmadığını dedi:
"Bu, mümkün olan şey deyil. Dövlətin özünün təcili yardım xidməti var. Bilirsiniz ki, ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları ötən il yenidən təşkil olundu. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi. Məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır. Bu, belə. Özəl klinikaların da özünün üzərində xüsusi nişan – emblem olan tibbi xidmət avtomobilləri – ambulanslar var. Bilinir ki, avtomobil hansı klinikaya aiddir. Fərdi qaydada təcili yardım xidməti göstərən avtomobillərə mən rast gəlməmişəm. Hesab edirəm ki, bu, mümkünsüzdür. Təcili yardım taksi xidməti, yaxud yük daşımaq, xalça yumaq deyil ki, hər yerindən qalxan bu işlə məşğul olsun. Məncə, bu məsələdə yanlışlıq var. Ya da o avtomobillərin fotosunu çəkib dəqiq informasiya verilsin, aidiyyətli qurumlar da buna uyğun iş aparsınlar, dəqiqləşdirsinlər. Belə bir hal varsa, orada kimlər çalışır, həkim briqadası varmı, xəstəni, halı pisləşmiş şəxsi xəstəxanaya çatdırmaq üçün nə kimi şərait var, dəqiqləşdirilməlidir. Təcili yardım xüsusi bir sahədir. Burada tibbi biliklər, lazımi texniki təchizat olmadan çalışmaq mümkün deyil".