İnsan faktoru həyatın zibilliyinə atılıb
Bakı küçələrində təmir işləri aparan şirkətlərin işi sıfırdır
Yolun istər tikinti ilə bağlı, istərsə də müvəqqəti təmirlə bağlı bağlanmasının cəzası ağır olmalıdır və buna tələb də fərqli olmalıdır
Paytaxt hazırda bütünlüklə nəhəng tikinti-təmir, abadlıq zonasına çevrilib. Səbəb bəllidir. Azərbaycanın ev sahibliyi edəcəyi qlobal miqyaslı COP29-a təşrif buyuracaq qonaqların gəlişinə hazırlıq gedir. Küçələrimiz, yollarımız, binaların fasadı (məhz fasad), parklar təmiz, abad olmalı, şəhərimiz mümkün qədər yaşıl görünməlidir. Etiraz etmirik. Amma hər məsələdə hədd-hüdud da yaxşıdır. Köhnəlməmiş asfaltlar qaşınıb üzərindən yeni asfalt salınırsa, palçıqlı, kələ-kötür küçələrin asfaltlanmasını illərlə həsrətlə gözləyən və hələ də arzuları çin olmayan sakinlər əlbəttə narazı qalacaqlar. Niyə asfalta ehtiyacı olan küçələr deyil, asfaltı indiyədək də par-par parıldayanlar təzələnir? Məsələn, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi. Məsələn, Mətbuat prospekti. Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi... Sakinlər deyir ki, burada “gül kimi asfalt” vardı, sökdülər, yenisini salırlar. Amma keyfiyyətsiz, yolun hərəkət hissəsini kölə-kötür ediblər. Sakinlər evlərinə rahat gedib-gələ bilmir. Ümumiyyətlə, şəhərdə aparılan təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulur, insanların həyatı təhlükə altına düşür. Ətrafda daim istifadə olunmuş tikinti materialları qalıqları, zibillik yaranır. Bəzən gərəksiz, sadəcə, göstəriş xatirinə edilən təmir işləri yollarda tıxaclara səbəb olur, səkilər də zəbt olunduğu üçün piyadalar da normal hərəkət edə bilmir. Başına daim nəsə düşəcəyindən ehtiyatlanırsan, yuxarı baxarkən də ayağın gah çuxura düşür, gah kanalizasiya dəliyinə. Halımıza ağlayan gərəkdi!..
Çuxura, quyuya düşən piyadalar
Yol-nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev şəxsi feysbuk səhifəsində paytaxtın Şəmsi Bədəlbəyli küçəsi və Bülbül prospektindəki vəziyyət barədə yazıb:
- Şəmsi Bədəlbəyli küçəsində avtobusdan düşən xanım yenicə kommunikasiya keçirilmiş yerdə yıxıldı. Ərazidə tam asfaltlanmamış səviyyə fərqi olan quyu var, amma heç bir məhdudlaşdırıcı nişan və ya təhlükəsizlik bantıyla işarələnmə yoxdur. Bu növ işləri prioritetləşdirəndə insanların çox hərəkətdə olduğu nöqtələr daha tez tikilib risklər minimumlaşdırılmalıdır. Piyada və nəqliyyat axınının çox olduğunu, ictimai nəqliyyatın intensiv hərəkətini nəzərə alaraq tikinti-quraşdırma işlərində texniki təhlükəsizlik qaydalarına maksimum riayət olunmalı, gündüz və gecə işinə uyğun nişanlar və hüdudları aydın göstərən şəkildə olmalıdır.
Ekspert Bülbül prospektində aparılan işlərlə bağlı da status paylaşaraq vəziyyəti əyani göstərən foto da yerləşdirib:
- Bülbül prospekti iflic olub. Yolun bir tərəfində kran qurulub, iskələləri (dəmir ayaqaltılar) sökür, digər tərəfdə də sökülmüş dəmir parçaları maşınlara yükləyirlər. Hərəkət üçün cəmi bir zolaq qalıb. Bu işi gecə görmək olmazmı?
R.Ağamirzəyevin statuslarına yazılan rəylərdən sakinlərin şəhərdə aparılan təmir-tikinti işlərindən narazılığı bilinir:
Zaur Abbaslı: Şəhərdə görülən işlərdə, insanları düşünmə faktoru yekə bir 0. Biabırçılığın beləsini görməmişdim, aydındır, sürətli olmalıdır işlər, qonaqlarımız var, ancaq bu qədər də görməzdən gəlmək dəhşətdir.
Azad J.Maharramov: O gün bir tanışım 28 may küçəsində skuter ilə quyuya düşmüşdü, heç bir qadağa və məlumat işarəsi yox idi ərazidə, yazıq kəllə beyin travması almışdı.
Anar Mehdiyev: Məsuliyyət hər insanda uşaqlıqdan tərbiyə kimi bəslənməlidir. Yoxdur da bizimkilərdə bu....
Rauf Ağamirzəyev: Anar Mehdiyev, məsuliyyət işi icra və nəzarət edən tikinti qurumlarındadır.
Anar Mehdiyev: Rauf Ağamirzəyev, sözsüz, elə orada işləyənlərdən söz gedir.
Fərid F.Mirzəyev: Təmir-tikinti və təhlükəsizlik? O nədir? Azərbaycanda elə bir şey yoxdur. İnsanlar gözlərini açsın və baxsın ki, ərazidə nə iş görürlər. Təhlükəsizlik nədir? Bizə yad olan şeylərdir bunlar. Ömür boyu olmayıb, heç olmayacaq da. Hər hansı qurum ürəyi haçan istəsə, heç kimə demədən gəlib qazacaq, sonra üstünü örtmədən, doldurmadan da çıxıb gedəcək.
Fərid F.Mirzəyev: Azadlıq prospektinin Süleyman Rəhimov küçəsi ilə kəsişməsidir bura. (foto əlavə olunub - M.R.) Düz buradan Şəmsi Bədəlbəyli küçəsinə kimi bu yol aylardır ki, belədir. Şəhərin düz mərkəzi belə olandan sonra ümumi ölkədən nə gözləyək? Hələ bunlar bizim gördüklərimizdir, görmədiyimiz nələr var, kim bilir.
Yolumuz da kəsilir...
Piyadaların həyatını riskə atan, sürücülər üçün təhlükə yaradan şirkətlər qanunun tələbi ilə cəzalandırılmalıdır. Hansısa tikinti şirkətinin paytaxtda həyata keçirdiyi hər hansı layihə, gördüyü iş, ümumilikdə hərəkət iştirakçılarının sərbəst hərəkətinə mane olmamalıdır
R.Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəhərimiz zaman-zaman aktiv tikinti meydançasına dönür. Bu məsələdə isə işlərin təşkilinə yenidən baxılmasına ehtiyac var:
- Bu işlər insanların təhlükəsizliyi maksimum təmin edilməklə təşkil olunmalıdır. Piyadalar üçün müvəqqəti yollar olmalıdır, velo-zolaqların qarşısında mane yaranırsa, avtobus dayanacaqlarının qarşısında qazıntı işləri görülürsə və iş bitməyibsə, piyadaların, hərəkət iştirakçılarının təhlükəsiz və sərbəst hərəkəti üçün əlavə yol, keçid düzəldilməlidir ki, risklər minimallaşsın. Bu nəinki çağırış, tələb olmalıdır və qanunlarda əksini tapmalıdır. Qanunu pozanlar isə hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalıdır. Aidiyyəti dövlət qurumları bu sahəyə nəzarəti ciddi şəkildə artırmalıdır. Yolun istər tikinti ilə bağlı, istərsə də müvəqqəti təmirlə bağlı bağlanmasının cəzası ağır olmalıdır və buna tələb də fərqli olmalıdır. Əgər yolda müəyyən iş görülürsə, yəni ya hərəkət zolağında, ya da piyadalar üçün ayrılmış yolda təmir aparılırsa, bütün hallarda hərəkət iştirakçıları üçün təhlükəsiz keçidin təmin edilməsi həm qanunlarda, həm də dövlət standartlarında öz əksini tapmalıdır. Piyadaların həyatını riskə atan, sürücülər üçün təhlükə yaradan şirkətlər qanunun tələbi ilə cəzalandırılmalıdır. Hansısa tikinti şirkətinin paytaxtda həyata keçirdiyi hər hansı layihə, gördüyü iş, ümumilikdə hərəkət iştirakçılarının sərbəst hərəkətinə mane olmamalıdır. Əgər tikinti işi qaçılmazdırsa, hərəkət iştirakçılarının təhlükəsizliyi naminə piyada səkilərinin üzərində keçidlər quraşdırılmalıdır ki, yuxarıdan həm onların üzərinə hər hansı tikinti materialı düşməsin, həm də onlar avtomobil yolu ilə hərəkət etməyə məcbur olmasınlar. Buna da aidiyyəti dövlət qurumları nəzarət etməlidir. Tikinti şirkətinin işini vaxtlı-vaxtında yerinə yetirməsinə də aidiyyəti qurumlar ciddi nəzarət etməlidirlər ki, illərlə bir ərazi istifadəsiz, zəbt olunmuş qaydada qalmasın.
Suyumuz da...
Bakının dərdi bitmir. Yol, təmir, tıxac bir yandan, bir yandan da su problemi. Həm də avqustun bu qızmar istilərində. Avqustun 12-dən 26-na qədər Oğuz-Qəbələ-Bakı su kəmərində təmir işləri aparıldı, paytaxtın 9 inzibati rayonunda içməli suyun verilməsi dayandırıldı. Sakinlərə su çənlərindən istifadə qadağan edildiyindən (fasiləsiz su olacaq aldatmacası), əhali yayın qızmarında suya həsrət qaldı. Kəmərin su ilə doldurulması hələ də tam başa çatmamış, suyun əvvəlki rejimlə verilməsi qaydaya düşməmiş indi də digər magistral kəmərdə təmir aparılacağı xəbəri yayılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, 30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq: "Bununla əlaqədar Xətai rayonunun Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Neftçilər prospekti, Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq. Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq".
Su kəmərlərində nə baş verir?
Sosioloq Elçin Bayramlı bu suala konkret cavab verməyin mümkün olmadığını dedi:
- Çünki istər Oğuz-Qəbələ-Bakı, istərsə də magistral su kəmərində niyə təmir aparıldığına dair, buna hansı zərurət yarandığına dair rəsmi qaydada heç bir izahat verilməyib. Gah dedilər, kəmərdə təmir işləri aparılır, gah dedilər qəza baş verib. Şəhərdə bir həftə su olmadı. İndi yenidən magistral su xəttində təmir-bərpa işləri aparılır. Bu, sadəcə biabırçılıqdır. Və bu, ölkənin, paytaxtın su təsərrüfatına cavabdeh olan şəxslərin məsuliyyətsizliyinin, səhlənkarlığının, qeyri-peşəkarlığının, qeyri-adekvat idarəetmənin nəticəsidir ki, belə xaotik vəziyyət yaranıb. Əgər kəmərin suyunun boşaldılması məcburi xarakter almışdısa, deməli, əvvəldən adekvat tədbirlər görülməyib, məsuliyyətsizlik olub, elə bir vaxt yetişib ki, məcbur olub suyun verilməsini dayandırıblar, yoxsa daha dəhşətli vəziyyət yarana bilərdi. Yox əgər suyun verilməsinin dayandırılması və kəmərdə təmir işlərinə başlamaq əvvəldən avqust ayına təyin edilib, əvvəldən planlaşdırılıbsa, yenə də xətalıdır. Çünki yayın qızmarında əhalini susuz qoymaq, həm də günlərlə, istehlakçı hüquqlarını kobud şəkildə pozmaq, insanları zülmə salmaqdır. Planlaşdırma aparan şəxslər buna görə cavab verməlidirlər qanun qarşısında. Paytaxtın 80-90 faizinin içməli suyunun kəsilməsi tamamilə biabırçılıqdır. Amma su təsərrüfatı idarələrinin rəhbərləri bəzi obyektlərə limitsiz, nəzarətsiz su verirlər. Əhali isə susuz qalır.