Axır ki, bizim millət də çörək istehlakını azaltdı -Araşdırma

Bu  son zamanlar əhali arasında yayğın hal almış köklük, şəkərli diabet, ürək-damar xəstəlikləri ilə əlaqəlidir

“Əhali fitnes mərkəzlərinə daha çox meyil etməyə başlayıb. Həkimlərə, dietoloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir”


Ölkədə çörək istehlakı azalıb. Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Deməli, əhali çörəkdən daha az istifadə etməyə başlayıb. Maraqlıdır ki, məlumatda hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağları, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edildiyi bildirilib. 2023-cü ildə isə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib. Çörəkdən daha az istifadə, kərə yağına nisbətən bitki yağlarından daha çox istifadə hansı səbəblə bağlıdır? Vətəndaşlar arasında keçirilən sorğulardan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır. Çörəyə tələbatın azalmasının qiymətlərə də təsir edəcəyi bildirilir. Tələb-təklif prinsipi nəzərə alınarsa, tələbat azalırsa, istehsal da azalacaq və belə olduqda qiymət də enməlidir. Lakin bəzi iqtisadçılar bu fikirdədir ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz. Digər tərəfdən, un və çörək istehsalının azalması ölkəyə idxal olunan ərzaqlıq buğdanın qiyməti ilə də bağlıdır. Ona görə də qiymət dəyişikliyi dünya bazarlarında taxılın qiymətinin dəyişməsinə bağlıdır. 

İqtisadçı Xalid Kərimli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, çörəyin istehlakının azalması qiymətlə əlaqəli deyil:

- Son 1 ildə dünya bazarlarında ərzaqlıq buğdanın qiyməti 30 faiz azalıb. Yəni qiymət artımı yox, qiymət ucuzlaşması baş verir. Bu tendensiya Azərbaycanda da müşahidə edilir. Ölkəmizdə çörəyin qiyməti il yarımdır ki, enişə doğrudur. 2020-21-ci illərdə çörəyin qiyməti 65, 70 qəpiyədək qalxdı. Sonrakı illərdə və son 1 ildə isə qiymət enməyə başladı. Hazırda çörəyin qiyməti 45-55 arası dəyişir. İstehlakın azalması qiymətlə bağlı deyil. Əhalinin qida rasionunun dəyişməsi ilə bağlıdır. Əhali un və çörək məmulatlarını daha az istehlak etməyə başlayıb. Bu da son zamanlar əhali arasında yayğın hal almış köklük, şəkərli diabet, ürək-damar xəstəlikləri ilə əlaqəlidir. Əhali fitnes mərkəzlərinə daha çox meyl etməyə başlayıb. Həkimlərə, dietoloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir. Əslində, bu, müsbət haldır ki, əhali sağlam həyat tərzini seçir. Un məmulatlarından, çörəkdən az istifadə etməyə başlayıb. Ümumiyyətlə, çörəyin istehlakının azalmasına qiymət amili demək olar ki, təsir etmir. Çörək xalqımızın qida rasionunda hər zaman aparıcı roldadı. Çörəyin qiyməti neçə olursa-olsun, ona tələbat azalmır. Sadəcə, müəyyən sağlamlıq problemi ilə üzləşən, artıq çəkidən xilas olmaq istəyənlər çörəyi az istehlak edirlər. Kərə yağı isə bitki yağlarından bir neçə dəfə bahadır. Qida mütəxəssisləri də bitki yağlarına üstünlük verilməsini tövsiyə edir. Baxmayaraq ki, əslində, satışda olan nə kərə yağlarının, nə də bitki yağlarının tərkibi naməlumdur.  Yağlardan istifadədə yaranan fərq həm qiymətlə, həm də istehlakçının seçimi ilə bağlıdır.