Saxta forma təhlükəsi: Valideynlər ucuzluğa aldanmasınlar -AÇIQLAMA

Son vaxtlar məktəbli formalarının keyfiyyəti ilə bağlı problem yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Fazil Mustafa da müzakirələrə qatılaraq, məktəbli formalarının materialının sintetik olması və bunun uşaqların sağlamlığını ciddi risk altında qoyması barədə fikirlər səsləndirib.
Dermotoloqlar da bu fikri təsdiqləyərək, sintetik materialdan olan geyimlərin dəri xərçənginə səbəb ola biləcəyini vurğulayıblar.
Sherg.az xəbər verir ki, müzakirələrdə səsləndirilən məqamlara aydınlıq gətirən Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov "Yeni Sabah”a açıqlama verib:
"Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən hazırlanır. Bütün polo köynəklər 95 faiz pambıq, 5 faiz lexrondan, şalvar və ətəklər isə 60 faiz yun, 40 faiz polyesterdən istehsal olunur. Nazirlər Kabinetinin verdiyi qərarda belə nəzərdə tutulub. Satış mərkəzlərimizdən alınan hər bir formaya biz zəmanət veririk. Əminik ki, məktəbli formalarımız keyfiyyətlidir, uyğunluq sertifikatı var. Bu səbəbdən onların insan səhhəti üçün təhlükə yaratması mümkün deyil”.
E.Əzimov satışda olan saxta formaların təhlükəli olduğunu bildirib:
"Danılmazdır ki, Azərbaycandakı mağazalarda saxta məktəbli formaları da satılır. Həmin formalar kilo ilə alınıb gətirilir və heç bir zəmanəti, sertifikatı yoxdur. Təbii ki, həmin geyimlər uşaqlar üçün təhlükə riski yaradır. Satışda olan saxta formalar uşaqların dərisində səpki və qızartıya səbəb ola bilər. Bu da olduqca zərərli və qorxuludur.
Bu məsələyə aidiyyatı orqanlar riayət etməlidir. Ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz məktəbli formalarının gətirilməsinin qarşısını almaq lazımdır. Niyə Çindən, yaxud digər ölkələrdən Azərbaycana saxta formalar gətirilməlidir? Buna niyə icazə verilir? Bu işlə məşğul olan qurumlar buna icazə verməməlidir. Azərbaycanda bir neçə fabrik var ki, onlar da məktəbli formaları istehsal edir. Bu formalar keyfiyyətlidir”.

Mövzuya münasibət bildirən marketinq mütəxəssisi Bəylər Əlizadə “Sherg.az”a bildirib ki,  getdikcə böyüyən Çin bazarı qiymət amilinə görə bir çox ölkələrə istər topdan, istər də TEMU kimi onlayn satış platformaları vasitəsi ilə rahat şəkildə girə bilir:

“Qiymət məsələsi burada kritikdir. Bəzən bu qiymətlər o qədər aşağı olur ki, alternativlərə nisbətdə eyni qiymətə valideyn 2-3 dəst geyim əldə edə bilir. Bu da təəssüf ki, keyfiyyət faktorunu geri atır. Məsələ ilə bağlı məsuliyyət keyfiyyətli məhsul istehsalçılarına və dermotoloqlara düşür. Məsələn mən son illərdə bununla bağlı dermotoloqlardan hansısa bir açıqlama görməmişəm. Olubsa da deməli kütləvi şəkildə çatdırılmayıb. Onlar bu barədə aktiv olmalı, bacardıqları şəkildə daha çox kütləyə çıxmalıdırlar. Bu kimi fəaliyyətlər eyni zamanda büdcə tələb etdiyi üçün yerli satıcı və ya markalar əməkdaşlıq etməlidir. Yəni onlar dermotoloqlarla əməkdaşlığa açıq olmalı öz müştərilərini məlumatlandırmalı və müştərilərinin alış davranışına təsir etməlidirlər. Əgər mövzumuz övladımızın il boyu, günün müəyyən saatlarında davamlı geyinəcəyi geyimlərdən gedirsə, valideynlər bu məsələyə həssas yanaşmalı və materialı yoxlamaqla alış-veriş etməlidirlər. Eyni zamanda bu alış prosesində şagirdin özü də iştirak etməli, paltarı əyninə geyinib materialı ilə bağlı öz fikrini bildirməlidir. Bundan əlavə geyimin üzərindəki etiketlərə diqqət yetirilməlidir. Bu arada Çin məktəbli forması istehsalı üzrə dünyada top beşlikdədir. Ona gör də bütün ölkə istehsalını keyfiyyətsiz adlandıra bilmərik. Çinin yetəri qədər keyfiyyətli istehsal etdiyi formalar var ki, dünya ölkələrinə ixrac edilir. Bu siyahıya Türkiyə, Pakistan, Vyetnam kimi ölkələr də daxildir. Şəxsi tövsiyəyə qalsa, hazırda Türkiyəni məsləhət görərdim. Ən azından anlaşılan dilinə görə valideynlər alacaqları markanı internetdə də araşdırıb, haqqında məlumat ala, müştəri rəylərinə baxa bilərlər. Növbəti tövsiyəm isə odur ki, övladlarının ilboyu həyatlarında bəlkə də ən çox geyinəcəyi bu geyimlərdə büdcə qənaətinə gedib də keyfiyyəti aşağı salmasınlar. Bu uşaqların ən başda səhhətinə mənfi təsir göstərir”.