Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Evlənənlərin sayı azalır, boşanmalar artır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ili Türkiyədə “Ailə ili" elan edib.
Bununla əlaqədar bir sıra aidiyyəti qərarlar qəbul edərək gənclərə evlənmək üçün 4 ildən sonra qaytarmaq şərtilə faizsiz kredit, ilk doğulan və növbəti doğulacaq uşaqlara aylıq müavinətlər, mənzil məsələlərinin dövlət nəzdində həlli, erkən boşanmaların qarşısının alınması yönündə boşanmaya səbəb olan problemlərin həllinin təşkili işlərini həyata keçirəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə “Ailə ili”nin başlanmasına həsr olunmuş tədbirdə deyib ki, Türkiyə hökuməti ailə və evlilik dəyərlərinin məhv edilməsi ideologiyasına müqavimət göstərməkdə və qeyri-ənənəvi münasibətlərin təbliğatına yol verməməkdə qərarlıdır.
Dövlət başçısı Türkiyə Konstitusiyasının ailəni “cəmiyyətin təməli” kimi tanıyan 41-ci maddəsini xatırladıb. Bildirib ki, ailə kiçik cəmiyyət, cəmiyyət isə böyük ailədir. Hər bir ailə xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Biz ailənin və cəmiyyətin keşiyində durmalıyıq.
Ərdoğan diqqəti gender kimliyi məsələsinə yönəldib və cəmiyyətdə qeyri-ənənəvi münasibətləri təşviq etmək cəhdlərini sərt tənqid edib: “Cinslər arasında sərhədlərin silinməsinə və beləliklə, ənənəvi ailə institutunun dağılmasına imkan verməməliyik”.
Ərdoğan virtual məkandan, o cümlədən oyun platformalarından tez-tez gənclərin ənənəvi baxışlarını məhv etmək üçün istifadə edildiyinə diqqət çəkib. O, Türkiyəni ailənin çoxəsrlik təməllərinin qorunmasının zəruriliyini BMT səviyyəsində açıq şəkildə bəyan edən nadir ölkələrdən biri adlandırıb: “Biz mövqeyimizi yenidən nəzərdən keçirmək fikrində deyilik. Ailəni qorumaq hər bir vətəndaşın borcudur”.
Türkiyə lideri 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.
O xatırladıb ki, imkan daxilində ailələri ən azı üç uşaq sahibi olmağa çağırır.
Qeyd edək ki, Türkiyədə nikaha daxil olan hər bir gənc cütlüyün Ailə və Gənclik Fondundan güzəştli kredit almaq üçün müraciət etmək hüququ var. Üstəlik, Türkiyənin 81 vilayətinin hər birində müraciətlər qəbul edilir. Eyni zamanda, yeni doğulan ilk uşaq üçün dövlət birdəfəlik 5 min lirə (140 dollardan çox) vəsait ödəyir.
2025-ci ilin Türkiyədə “Ailə ili” elan edilməsi hər birimizə mühüm bir mesaj verir: ailə - cəmiyyətin təməlidir. Türkiyə prezidentinin ailənin möhkəmləndirilməsi, yeni nəsillərin sağlam, mənəvi dəyərlər üzərində böyüməsi və demoqrafik problemlərin həll edilməsi yolunda atdığı bu addım bütün cəmiyyətləri düşünməyə vadar edir.
Doğum əmsalının azalması yalnız statistika deyil; bu, milli ruhun zəifləməsi, ailə bağlarının süstləşməsi kimi mənəvi təhlükələri də göstərir.
Gender, ailə və demoqrafiya məsələləri Azərbaycan dövlətini, cəmiyyətini də düşündürən vacib məsələlərdəndir. Ailə qan qohumluğuna və bəzən də mənəvi doğmalığa əsaslanan kiçik qrupdur. O, adi birlik forması yox, sosial institutdur və bu institutda baş verən hadisələr cəmiyyətdə güzgü effekti yaradır. Ailənin özünəməxsus funksiyaları var. Ailənin funksiyaları dedikdə, onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur.
Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı isə hesab edir ki, sağlam bir cəmiyyət formalaşdırmaq istəyiriksə, yeni ailə quran şəxslərə ailələrin davamlılığı üçün müəyyən güzəştlər tətbiq olunmalıdır. O, “Sherg.az"a açıqlamasında deyib ki, əksər xarici ölkələrdə ailələrin qurulması və onun qorunması üçün müxtəlif vasitələrlə stimullaşdırıcı layihələr icra edilir:
“Təəssüf ki, ölkəmizdə belə bir qayda yoxdur. Ölkəmiz boşanma sayına görə dünyada ilk sıralarda yer alır. Ailə quran gənclərin sayı kəskin şəkildə azalır. Azərbaycanda ailə institutu demək olar ki, dağılıb. Türkiyədə gənclərin ailə qurması, çoxuşaqlı ailələrin sayının artması üçün şərait yaradılır. Bizdə də belə bir qayda tətbiq olunmalıdır. Bu gün ölkəmizdə gənclərin 90 faizi sosial problemlər ucbatından ailə qurmaq istəmir. Evsizlik, işsizlik, normal qazancın olmaması gec evlənməyə səbəb olur”. Bizdə gənc ailələrə heç bir dəstək olunmur. Heç uşaq pulu belə verilmir. Bu sahədə dəyişiklik olmasa, faciəvi statistika daha da acınacaqlı hal alacaq. Bu isə genefondumuzu məhv edəcək. Evlənənlərin sayı azalacaq, boşanmalar artacaq, uşaq doğumu kəskin şəkildə azalacaq və əhali arasında qocalma sürətlənəcək. Bu problemin həll olunması üçün dövlət səviyyəsində proqram hazırlanmalıdır. Ailələrin qorunub saxlanması üçün dövlət tərəfindən müəyyən güzəşt olunmalıdır. Rusiyada 20 il evli qalan ailələrə əlavə dövlət güzəşti, yardım edilir. Bu güzəşt ailələrin davamlı olmasına dəstək olur. Boşanmaların qarşısı alınır. Azərbaycanda isə beşuşaqlı ailələr üçün müavinətlər nəzərdə tutulub. Azərbaycan öz əhali sayının artması üçün, onun keyfiyyətli, sağlam nəsil böyütməsi üçün bu sosial tərəfləri uşaqlara tərəf artırmalıdır. Ən azından çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədəuyğundur”.