Əmək Liqasının sədri: Qısaldılmış iş gününə keçid hələlik eksperiment səviyyəsindədir

Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.
Bu barədə Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov “RİA Novosti”yə bildirib.
“İnanıram ki, biz gələcəkdə mərhələli şəkildə dördgünlük iş həftəsinə keçəcəyik” – deputat deyib.
Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər.
Nilov bu məsələdə ev şəraitində cərrahiyyə əməliyyatı edə bilməyən və ya xəstə qəbulunun sayını azalda bilməyən həkimləri istisna hal kimi qeyd edib

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, belə diskussiyalar dünyanın müxtəlif ölkələrində gedir: 

“Bəzən də eksperiment səviyyəsindəki bir-sıra şirkətlər, iri korporasiyalar bunu qismən tətbiq edirlər. Amma dörd günlük iş həftəsi, qısaldılmış iş gününə keçid, yaxud məsafədən işləmə məsələləri hələki eksperiment səviyyəsindədir. Bunu o şirkətlər edir ki, beşinci iqtisadi inqilabın nəticəsi olaraq tətbiq etdikləri texnologiyalar işçiləri həftə boyu işlətməyi vacib hesab etmirlər. Yəni işçidən altı gündə ya beş gündə əldə edəcəklərini dörd gündə artıqlaması ilə əldə edirlər.Bu zaman onların əmək haqqını əvvəlki səviyyədə saxlayırlar. Həmçinin çoxlu resurslara qənaət etmiş olurlar. Məsələn, elektrik enerjisinə materiallara, istiliyə və digərlərinə qənaət edirlər. Bunu yalnız qabaqcıl texnologiyaların tətbiq etdiyi müəssisələrdə etmək mümükündür. Bizdə elə sektor var ki, qanunsuz olaraq işçiləri 12 saat, hətta altı bazar və bayram günlərində də işlədir. Ona görə bizdə hələki bundan danışmağın yeri yoxdur. Ümumiyyətlə dövlət sektoru buna hazır deyil və yaxın gələcəkdə heç bir dövlətin sektoru dörd günlük iş həftəsinə keçə bilməz. Lakin özəl sektor bunu edə bilər. Bunun üçün qanunvericikdə dəyişikliyə ehtiyac yoxdur. Əsas odur ki, işçilərin əməkhaqqı azaldılmasın. Amma güman etmirəm ki, bizdə bu geniş yayılacaq”.