Bu, baş tutmayacaq
Mirzoyan Ermənistanın korlanmış imicini mümkün qədər reanimasiya etməyə çalışır
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, İrəvan heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməyib. Mirzoyan iddia edib ki, azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər: "100 ailə mənzillərini satıb, 12 mindən çox ailə Azərbaycanda yaşayan ermənilərlə mənzillərini dəyişib. 160 mindən çox insan Ermənistan hökumətindən təzminat alıb”. Xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl bu bəyanatın tam əksini sübut edən Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın xarici işlər naziri ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanın məlum etiraflarından sonra belə bir açıqlama səsləndirib. Professorun sözlərinə görə, o baxımdan Mirzoyanın ifadələri tamamilə mənasız və əhəmiyyətsizdir:
"Ermənistana rəhbərlik etmiş şəxs Azərbaycan xalqına qarşı etdikləri cinayətləri açıq mətnlə etiraf edib. Ter-Petrosyan deyib ki, "biz məqsədli şəkildə Ermənistanı azərbaycanlılardan təmizlədik". Mirzoyanın açıqlaması Petrosyana vəkillik etmək cəhdidir. Halbuki sabiq prezident azərbaycanlıların necə deportasiya edildiyini, separatçı rejimin necə və hansı məqsədlə qurulduğunu açıq bəyan edib. Məsələnin digər tərəfi də göz önündədir. Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni irs demək olar ki, tamamilə silinib. Bunun özü mənəvi-mədəni terrordur. Ayrıca, kifayət qədər materiallar mövcuddur ki, soydaşlarımız indiki Ermənistan ərazisindən, Qərbi Azərbaycandan hansı şəraitdə və necə köçürülüblər. Onlara qarşı vəhşiliklər törədilib. Ermənistan ərazisində Azərbaycan kəndlərinə hücumlar edilib, insanlar amansızcasına, vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlıları boru içərisinə dolduraraq qaynaq ediblər. Bunları sübut edəcək çoxsaylı dəlillər, faktlar mövcuddur və bütün bunlar XX əsrdə baş vermiş görülməmiş vəhşiliklərdir".
E.Mirbəşiroğlu qeyd edib ki, dəhşətli deportasiyanın, işgəncə və zülmlərin canlı şahidləri bu gün də aramızdadır:
"Deportasiya yüz il qabaq olmayıb, təxminən 30 il əvvəl baş vermiş hadisələrdən söhbət gedir. Ona görə də Mirzoyanın sözləri cəfəng və uydurmadır. Görünür, Mirzoyan Ermənistanın korlanmış imicini mümkün qədər reanimasiya etməyə çalışır. Amma bu, baş tutmayacaq. Ermənistan terrorçu və işğalçı bir dövlətdir. 30 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxladıqlarını necə inkar edəcəklər? Erməni quldurları Azərbaycanın 30 il ərzində işğalda saxladıqları torpaqlarında da soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salmışdı. Bu insanlar da "könüllü" tərk etmişdilər?! Saysız-hesabsız soydaşımız işgəncələrə məruz qalıb, qətl edilib. Xocalı, Qaradağlı, Ağdaban soyqırımı törədilib. Bunların hamısı təkzibolunmaz faktlardır. Mirzoyan riyakarlıq və həyasızlıq edib".