Birinci Dünya Müharibəsində ən məşhur türk əsgəri fotolarından biri olan bu şəkil, “İlk hücumda Qəzzanı müdafiə edən alay” başlığı ilə ABŞ Konqres Kitabxanasının arxivində yer alır.
Sherg.az xəbər verir ki, ingilislərin Fələstin cəbhəsində 26 mart 1917-ci ildə Qəzzaya etdiyi ilk hücum zamanı şəhərdə qarnizon kimi 79-cu Alay yerləşdiyindən, bu fotonun həmin hərbi hissəyə aid olduğu düşünülürdü.
Lakin sancaq üzərində yazılan yazı incələndikdə məlum olub ki, bu çox məşhur foto əslində 125-ci Alaya məxsusdur və sancaqdakı lent də alaya Çanaqqalada göstərdiyi qəhrəmanlığa görə verilmişdir.
Eyni hərbi hissəyə aid digər fotoların da Çanaqqaladan sonra Fələstin cəbhəsinə döyüşə gedən 125-ci Alaya məxsus olduğu müəyyən edilib. 125-ci Alay Çanaqqala döyüşləri başa çatdıqdan sonra mayor Rahmi bəyin komandanlığı ilə Fələstin cəbhəsinə göndərilmişdi. Çanaqqaladan sonra ilk döyüşünə 27 mart 1917-ci ildə Qəzzada daxil oldu. Alay 27 mart səhəri Mantartəpə kimi tanınan, Qəzzaya hakim mövqedə yerləşən təpəyə süngü hücumu edərək oranı ingilislərdən aldı və Qəzza uğrunda ilk qələbənin qazanılmasında böyük rol oynadı.
“Harp Mecmuası”nın 19-cu sayında 125-ci Alayın bu qəhrəmanlığı ilə bağlı geniş məqalə dərc olunub. Məqalədə 12-ci bölük komandiri kapitan İbrahim bəyin hücumdan əvvəl Çanaqqalaya işarə edərək əsgərlərinə belə səsləndiyi də qeyd olunur:
“Uşaqlar, irəli! Bunlar Çanaqqalədən qaçan ingilislərdir. Haydı, bir dərs də verək!”
ÇOMÜ-dən doktor müəllim üzvü İsmayıl Sabah bildirib ki, sancaq üzərində apardıqları araşdırma nəticəsində fotonun 79-cu Alaya deyil, 125-ci Alaya aid olduğunu müəyyən ediblər.
ABŞ Konqres Kitabxanasının arxivində yer alan və “ilk hücumda Qəzzanı müdafiə edən qarnizon” izahı ilə yayımlanan bu şəklin Birinci Dünya Müharibəsinin ən məşhur türk əsgəri fotolarından biri olduğunu deyən İsmayıl Sabah əlavə edib:
“Şəklin izahında ilk hücumda Qəzzanı müdafiə edən alay yazıldığı üçün onun Qəzzada yerləşən 79-cu Alaya aid olduğu düşünülürdü. Lakin sancaq üzərində apardığımız tədqiqat zamanı həmin məşhur fotodakı alay sancağını da araşdırdıq. Şəkli daha yaxından incələdikdə gördük ki, bu foto 79-cu Alaya deyil, Çanaqqaladan yaxşı tanıdığımız, arxamızda gördüyümüz bu səngərlərdə göstərdiyi qəhrəmanlıq və fədakarlıqlara görə sancağına lent verilən 125-ci Alaya məxsusdur.”