Səriyyə Müslümqızı: Şəhid anasının deputat seçilməsi hamını sevindirdi

“Mənim də canım Azərbaycana fəda olsun”

Gülşad Rüstəmova vəzifəsinin öhdəsindən də layiqincə gələcək

“Kaş ki, Azərbaycan Milli Məclisində də heç olmasa, bir şəhid anası, şəhid övladı, bir qazi, müharibə iştirakçısı millət vəkili olardı”

  “Şəhid anasının millət vəkili seçilməsinə çox sevindim. Bu, çox önəmlidir”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında Xocalı sakini, Xocalı soyqırımının canlı şahidi, Xocalı faciəsini dünyaya tanıtmaq üçün illərlə çalışmış peşəkar jurnalist,  yazıçı-publisist Səriyyə Müslümqızı söyləyib. 

“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri olan Səriyyə Müslümqızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə 34 saylı Şahbuz şəhər seçki dairəsindən Rüstəmova Gülşad Qəzənfər qızının 75,28 faiz səslə qələbə çalmasını, sanki Qarabağda yenidən qələbə çalmağa bənzədir: 

- Bu xəbəri eşidəndə mənə elə gəldi ki, biz Qarabağda yenidən qələbə çalmışıq.  Gülşad Rüstəmova  şəhid anasıdır.  Ananın qələbəsi şəhid balasının da ruhunu şad edəcək, sözsüz. 
  
Qeyd edək ki, tibb bacısı işləyən G.Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində alıb. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil alıb, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.  44 günlük Vətən müharibəsində ön cəbhədə, səngərdə olan hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 2020-ci il oktyabrın 30-da Şahbuzkənd qəbiristanlığında dəfn olunub.
 Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 
 
 Musavat.com-a müsahibəsində şəhid E.Sadıqovun anası Gülşad Rüstəmova qarşıya qoyduğu məqsəddən danışıb: 
- Mən yeganə balamı şəhid vermişəm. O bala vətəni, milləti, xalqı, bayrağı üçün canından keçib. Bu gün mən onun yolunu davam etdirmək istəyirəm. Bu xalq üçün nəsə etmək arzum var. Dövlətimizlə xalqımız arasında körpü olacağam. Qazilərimizin, hüququ pozulanların, haqqı pozulanların səsi olacağam. Bu gün şəhid ailəsi olaraq heç nəyə ehtiyacım yoxdur. Bir problem olarsa, bütün qapılar üzümə açılır. Bir xəstənin dərmanlarının içindən “Emin, ruhun şad olsun” yazısı çıxırsa, bu, mənim üçün böyük şeydir. Bu gün maddi olaraq heç nəyə ehtiyacım yoxdur.

  Şəhid anası seçkiyə qələbəyə inanaraq getdiyini deyib:  
- Şəhid anası kimi xalqımın yanındayam. Balama verilən qan pulunu belə kəndim, elim üçün xərcləmişəm, mərasim evi tikdirmişəm. Həyətimə asfalt çəkmək istəyirdilər, icazə vermədim. Dedim, elin məzarlıq yolu düzəldilsin. Artizan vurdurmuşam ki, suyu olmayan kəndlilər istifadə etsin. Bu səsi elimdən, obamdan yığmışam. Mən tibb bacısıyam. Amma fəhlə də deputat ola bilər. Bir rayon və beş kənddən seçicilərim var. Hamısı ilə bir-bir görüşmüşəm. Təbliğata gedəndə açıq dedilər ki, mənə səs verəcəklər. Ona görə də bu nəticəni, hətta daha yüksəyini gözləyirdim. İnşallah, dövlət yanımda olacaq və onların ümidlərini doğruldacağam. Oğlum millət, torpaq uğrunda can veribsə, mənim də canım Azərbaycana fəda olsun.

  “Sherg.az”a açıqlamasında Səriyyə Müslümqızı şəhid anasının millət vəkili seçilməsinə çox sevindiyini dedi: 

- Bu, çox önəmli hadisədir. Kaş ki, Azərbaycan Milli Məclisində də heç olmasa, bir şəhid anası, şəhid övladı, bir qazi, müharibə iştirakçısı millət vəkili olardı. Təəssüf edirəm ki, bu dəfə də əsaslı yenilik görmədik. 30 il deputat olanlar yenə deputat seçildilər. Dəyişiklik olmadı parlamentdə. Qarabağdan, Xocalıdan deputat seçimində dəyişiklik olmasını çox istərdim. Belə təəssürat yaranır, sanki başqa alternativ şəxs yoxdur. 30 il eyni şəxsin üzərində dayanmaq bizə yaraşmır. 30 il Xocalıdan deputat seçilən adam, yenə gəldi əyləşdi deputat kreslosunda. Dəyişiklik olmalıydı, alternativlərə yol verilməliydi, cığır açılmalıydı. Amma olmadı. Bu baxımdan Naxçıvan Ali Məclisinə şəhid anasının deputat seçilməsinə çox sevinirəm. Şəhid anaları, şəhid övladları, müharibə veteranları hər cür yüksək məqama layiqdirlər. Deputat seçilmiş Gülşad Rüstəmova nə qədər yüksək məqamda əyləşsə də, onun sinəsində övlad dağı var. Bunun necə ağır dərd olduğunu mən bilirəm. O bir şəhid anası kimi hər cür yüksək məqama layiqdir. İnanıram ki, vəzifəsinin öhdəsindən də layiqincə gələcək.