Marketoloq: "Bilik Günü'' gül və hədiyyələrin bahalaşması bazarın tələbinə uyğundur

15 sentyabr - "Bilik Günü" münasibətilə övladı birinci sinfə gedən valideynlər tort və gül sifarişləri üçün daha çox canfəşanlıq edirlər.                                                                                      
Xüsusi dizaynda, bilik gününə özəl hazırlanan tortların dadı şirin olsa da, qiymətləri əl yandırır. Öncədən gül buketi sifariş vermək isə müşkülə çevrilib.                                 
Satıcıların sözlərinə görə, "Bilik Günü"nə özəl tortların qiyməti 40-43 manatdan başlayır. Üzərində xüsusi bəzəkləri olan tortların qiyməti isə 150 manatdan yuxarı hesablanır.   İqtisadçılar deyirlər ki, hər yeni tədris ilində süni artım müşahidə edilir. Bahalaşmaya səbəb isə elə məhz valideynlərin özləridir.                                                                                                          
İqtisadçı Fuad İbrahimov bildirib ki, sinifdə olan 20 şagirdin müəllimə gül gətirməyi anormal haldır:                                        
"Gözəllik bir həftə sonra tullantı olursa, bu, israfçılıqdan başqa bir şey deyil".

Marketoloq Nicat Manafov “Sherg.az”a söyləyib ki, gül və hədiyyə sektorunda mağazalar bir neçə özəl gün üçün işləyirlər:

''Yəni,onlarda il boyu iş olmur. Bu səbəbdən sahibkarlar işləmədikləri günlərdəki ziyanı özəl vaxtlarda çıxarırlar. Məsələn, 1 gülün dəyəri 4 manatdırsa, satılmadıqda solur və mağaza sahibi ziyana düşür. Özəl tarixlərdə isə gülə, hədiyəyə tələb çoxalır. Bu zaman məhv olan güllərin qiymətini də hesablayaraq yeni qiymət formalaşdırırlar. Əslində, bu nüans fürsətçilik deyil, biznesdir. Bir sözlə, tələb və təklifin dinamikasından yaranır. Yəni tələb artdıqdca qiymət də bahalaşır. Ümumiyyətlə bu sahədə monopoliya yoxdur. Azərbaycanda ən az 5 dənə gül şəbəkəsi və təqribən 500 gül dükanı var. Ona görə də insanlar istədikləri yerdən gül ala bilərlər. Onların hansısa gizlilik sövdələşməsi yoxdur.''Bilik Günü'' gül və hədiyyələrin bahalaşması bazarın tələbinə uyğundur".