Ekoloq: Maşından zibil atmaq ayıb və mədəniyyətsizlikdir

Bakı şəhər Dövlət Yol Polisi sürücü və sərnişinlərə müraciət edib.
Sherg.az müraciətin mətnini təqdim edir:

"Paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur.

Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.

Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq".

Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, maşının və evin pəncərəsindən küçəyə zibil atmaq mədəniyyətsizlikdir:

“Pəncərələrdən zibilin atılmaması üçün insanlar yetişdirilməlidir. Bu haqda gündəlik televiziyada verilişlər göstərilməli, mətbuatda yazılmalı və məktəb dərsliklərində olmalıdır ki, vətəndaşlar bilsinnlər. İnsanları tərbiyələndirəcək yeganə mənbə məktəbdir. Yəni uşaqlar çevrə duyarlığı və könüllülüyü bağça və orta məktəbdə öyrənməlidirlər. Qaydalara əməl etməyə isə valideynlər məcbur etməlidirlər. Yerə qəsədn zibil atan hər kəs cərimələnməlidir. Lakin insanın əlindən bilmədən zibil düşən an onu cərimələmək olmaz. Ümumiyyətlə ətrafa zibil atan şəxsləri digər insanlar başa salmalıdır. Cərimə ikinci məsələdir. Hərəkət edərkən maşından zibil atmaq ayıb və mədəniyyətsizlikdir. Bunlar olmasın deyə insanlara yalnız başa salmaq lazımdır. Bu baxımdan COP29 un bizə ciddi təsiri olacaq. Gələn qonaqlar kifayət qədər bu sahəni bilən insanlardır. Azərbaycan dövlətidə bu sahəyə ciddi yatırım edir. Ona görə də ekologiyamızın yaxşılaşdırılması üçün təklif edirəm ki, dərsliklərdə bu məsələni gücləndirsinlər”.