Professor deyib ki, bədbəxt hadisələri təkcə həkimin səhlənkarlığı kimi qiymətləndirmək düzgün deyil
Azərbaycanda ötən il həyatını itirən 1 yaşınadək uşaqların sayında rekord qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib. 2023-cü ildə ölkə üzrə 1 yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən 2 dəfədən çox artıb. Belə ki, 2022-ci ildə 1 yaşadək həyatını itirən uşaqların sayı 959 olub. Ümumilikdə 2039 nəfər uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib. Statistikaya əsasən ən az uşaq travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin nəticələrinə görə həyatını itirib, bura 17 nəfər daxildir. Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib, bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. Eyni zamanda 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntular), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.
1 yaşadək körpələrin ölüm səbəblərinə toxunan pediatr həkim Vaqif Qarayev “Yeni Müsavat”a açıqlamasında deyib ki, bütün dünyada keyfiyyətsiz səhiyyə xidmətinin ən birinci göstəricisi ana və uşaq ölümüdür. Harada bu göstərici aşağıdırsa, demək ki, orada səhiyyə xidməti yaxşıdır. Pediatrın sözlərinə görə, 1 yaşadək körpələrin ölümü ilə bağlı qeyd olunan səbəblər isə hər zaman var. Yəni uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazım olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar:
“Bəli, 1 yaşadək tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir, müqavimət aşağı olduğuna görə. Ona görə də ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri birinci yeri bölüşür. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir”.
V.Qarayev 1 yaşadək uşaq ölümlərinin səbəbləri arasında inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntularının da yer almasından danışıb:
“Məlum olduğu kimi, bir müddət əvvəl ölkəmizdə qohum evlilikləri qadağan olundu. Şəxsən mən bu qərardan çox sevindim və təqdir etdim. Ciddi təbabət də göstərir ki, qohum evliliklərindən xəstə uşaqlar dünyaya gəlir və biz buna tez-tez rast gəlirik. Bəzən müşahidə edirik ki, ailədə olan bütün uşaqlar intellektual baxımdan geri qalır, psixoloji vəziyyətində problemlər var. Və yaxud elə ailələr var ki, qohum evliliyin nəticəsi kimi konkret irsi xəstəliyindən əziyyət çəkir. Əlbəttə, təbabət heç vaxt qadağan edə bilməz ki, yaxın qohumlar evlənməsin, lakin bu cür evliliklərin fəsadlarını ortaya qoyur”.
Tibb eksperti, professor Adil Qeybulla isə hesab edir ki, uşaq ölümlərini təkcə həkimin səhlənkarlığı kimi qiymətləndirmək düzgün deyil. Bu barədə “Sherg.az”a açıqlama verən professor deyib ki, doğuşdan əvvəl - ana bətnində və doğuşdan sonrakı uşaq ölümləri fərqləndirilməlidir:
“Burada müxtəlif səbəblər var. Perinatal dövrdə (perinatal dövr dölün bətndaxili həyatının 22-ci tam həftəsindən (154-cü gündən) başlayır və doğuşdan 7 gün keçdikdən sonra qurtarır) uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra faciə ilə nəticələnir. Təəssüf ki, bu işdə pasiyentlərin günahı az deyil. Bəzi insanlar vaxtında həkimə müraciət etmirlər və hamiləliyin son dövründə həkim axtarırlar”.
A.Qeybullanın sözlərinə görə, bununla bağlı səhiyyə sahəsində bir sistem qurulmalıdır:
“Hamilə qadınların monitorinqi aparılmalı, hamiləliyin gedişi protokollarla qeydə alınmalıdır ki, problem vaxtında aşkar edilsin. Hamiləlikdən əvvəl orqanızmin buna hazır olub-olmaması məlum olmalıdır. Çünki bəzi orqanizmlərin hamilə qalması müəyyən risklər yaradır”.
Mütəxəssis deyib ki, uşaqların xəstələnməsində immun sisteminin zəif olması, onkoloji xəstəliklərin artması və sair kimi amillər üstünlük təşkil edir:
“Eyni zamanda ekoloji cəhət, qidalanma faktoru çox ciddi rol oynayır. İstər ana südündə, istərsə də uşaq yeməklərində immun sisteminin kifayət qədər formalaşması üçün lazım olan inqrediyentlər yoxdur. Təəssüf ki, qida maddələrinin ölkəyə daxil olması müəyyən korporativ maraqlara xidmət edir. Bu iş həm də ictimai nəzarət altında olmalıdır. Lakin bu məsələlər öz həllini tapmayıb”.
Şəymən