Geomaqni qasırğası: Bu insanlar açıq havada olmamalıdırlar -XƏBƏRDARLIQ

Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.  
“Sherg.az ” xəbər verir ki, bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. 
Bildirilib ki, 10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq. 
Hazırda geomaqnit qasırğası orta səviyyədədir. Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim)  səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.
Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.


Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, geomaqnit qasırğası hər zaman olur:

“Sadəcə insanlar günün altına çıxmamalı, açıq havada çox olmamalıdırlar. Çünki geomaqnit qasırğası İstər-istəməz onlara təsir edir. Ümumiyyətlə bu hadisə ürək-damar xəstəliyi və təzyiqi olan şəxslərə daha çox təsir göstərir”.


Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı da bildirib ki, geomaqnit qasırğası meteohəssas insanlara daha çox  mənfi təsir göstərir:

"Meteohəssas insanlar temperaturun dəyişməsinə, elektromaqnit dalğalarına, atmosfer təzyiqinin aşağı-yuxarı olmasına qarşı hər kəsdən əvvəl reaksiya verirlər. Hətta bu insanları məcazi mənada “Təbiətin barometrləri” də adlandırırlar. Çünki həmin insanlar maqnit dalğaları gəlməmişdən öncə hiss edirlər. Hətta bəzilərinin təzyiqi qalxır, oynaq, dayaq sistemində problem yaşayanlarda isə ağrı hiss olunur. Meteohəssas insanlar geomaqnit qasırğası zamanı bacardıqları qədər ev şəraitində olmalı, kənara çıxmaq zərurəti olduqda isə dərman götürməyi unutmamalıdırlar”.