Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır
İnternetin qiymətinin bahalaşması, sürətinin isə azalması ilə bağlı narazılıqların ardı-arası kəsilmir. Vətəndaşların sosial şəbəkələrdəki paylaşımlarından məlum olur ki, ayda 25 manat ödədikləri internetin sürəti nəinki vəd edilən 100 Mbit/s-yə, hətta 50 Mbit/s-yə də çatmır. Həm dövlət, həm də özəl provayderlər qiymət artımından danışanda bunu sürətin artması, beynəlxalq standartları tətbiq etmə istəyi ilə əlaqələndirirlər. Lakin söz-söhbətlərdən də göründüyü kimi qiymət artıb, amma yüksək sürət müşahidə edilmir.
Qeyd edək ki, ölkə əhalisinin əksəriyyəti üçün minimum 25 manata internetdən istifadə etmək əlçatmazdır və qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdırırlar. Amma “Aztelekom” burada da vətəndaşlardan pul qoparmaq istəyir. “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə onlardan 130 manat cərimə tələb olunur.
İnternetin qiymətinin bahalaşmasından sonra ölkədəki vəziyyəti şərh edən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki, faktiki olaraq "Aztelekom"un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıba;
"Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA-ya (İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi) və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Təəssüflər olsun ki, sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun, bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun "Aztelekom"un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb.
Bir dəfə də olsun "Aztelekom"da monitorinq aparmayıb ki, görsün ki, bu qurum hər bir abonentə 100 Mb/s sürət verə bilir, yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.
Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurum provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər.
Antiinhisarın isə araşdırmaları başa çatmayıb. Güman ki, bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb”.
“Şərikli internet” məsələsinə gəldikdə isə O.Gündüz deyib ki, bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb:
“Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. “Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də "Aztelekom" bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa, onlar cərimələnəcək. "Aztelekom" iddia edir ki, abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladım ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur”.